Vətən Müharibəsi iştirakçısı 5 manata görə cinayət törətdi
    • 14-04-2022, 17:43
    • 313

Vətən Müharibəsi iştirakçısı 5 manata görə cinayət törətdi

Gəncə şəhər Kəpəz rayon Məhkəməsində şəhər ərazisində bıçaqlanma, oğurluq və xuliqanlıq əməlləri törətmiş şəxsə hökm oxunub.

News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 127.2.3, 177 və 221-ci maddələri ilə təqsirləndirilən 1990-cı il təvəllüdlü Davud Bağırov 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzası 1 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Araşdırmalar zamanı məlum olub ki, Davud Gəncə şəhər Ziyadxanov küçəsində Elşad Məmmədəliyev adlı tanışını verdiyi 5 manat borcu tələb edərkən bıçaqlayıb. Həmin vaxt onların arasında dava-dalaş olub və o, Elşadın əlindəki bıçağı alaraq ona xəsarətlər yetirib.

İstintaq müddətində Davudun Gəncədə bir neçə nəfərə məxsus velosipedləri oğurlaması, xuliqanlıq əməli törətməsi də üzə çıxıb.

Məhkəmə Davudun Vətən müharibəsi iştirakçısı olması, dəymiş ziyanı ödəməsi, zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq ona yüngül cəza təyin etmək qərarına gəlib.