ADU-da Xalq şairi Ramiz Rövşənlə görüş keçirildi - FOTO/VİDEO
    • 22-04-2022, 19:18
    • 661

ADU-da Xalq şairi Ramiz Rövşənlə görüş keçirildi - FOTO/VİDEO

Aprelin 22-də Azərbaycan Dillər Universitetində Xalq şairi Ramiz Rövşənlə görüş keçirilib. 

News24.az-ın əməkdaşlarının da iştirak etdiyi tədbirdə ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla şairi universitetdə görməkdən məmnun olduğunu bildirib. 

O, Ramiz Rövşən yaradıcılığından söhbət açıb: 

“Ramiz Rövşən mənim də sevimli şairlərimdən biridir. Bu gün bu tədbirdə nə qədər oxucu varsa, hamının üzündə bir sevinc, bir xoşbəxtlik duyulur. Bu sevinc, bu xoşbəxlik Ramiz Rövşən sevgisinin bariz nümunəsidir. Ramiz Rövşənin şeirlərində “Dədə Qorqud” dastanındakı millilik var, onun şeirlərində saf və təmiz duyğuların gözəl təsvirlərlə ifadəsini grmək mümkündür. Bütün bu keyfiyyətlər onun bir şair kimi hər kəs tərəfindən sevilməsinə imkan yaradır. İnanıram ki, bügünku görüş unudulmaz olacaq, hər kəsin yaddaşında qalacaq. İllər öncə Ramiz müəllimi mən dərslərə dəvət etmişdim, ümid edirəm, bu ənəni də davam etdirəcəyik.” 

Rektor daha sonra şairlə bağlı xatirələrini danışıb: “Mən birinci kursda oxuyanda Ramiz beşinci kursda oxuyurdu. O vaxtlardan tanışıq. Mən də şeir yazırdım. Bir dəfə mənə dedilər ki, niyə universitetdən sonra şeir yazmırsan? Dedim, çünki orada Ramiz var”. 

ADU-nun Filologiya fakültəsinin dekanı Şahin Xəlilli Ramiz Rövşənin bir şair kimi, bir insan kimi yüksək intellektindən, humanizmindən və istedadından danışıb. Qeyd olunub ki, Ramiz Rövşən dünya səviyyəli şairlərlə müqayisə oluna bilər, bu Azərbaycan üçün böyük uğurdur.” 
ADU-nun professoru Əsgər Zeynalov görüşün əhəmiyyətindən söhbət açıb və tələbələrin bu görüşdən faydalanmağa səsləyib. Bildirilib ki, Azərbaycan poeziyasında öz dəsti-xətti olan Ramiz Rövşən böyük oxucu kütləsinə sahib şairlərdəndi. 

Pedaqogika üzrə fəlsəfə doktoru Oqtay Abbasov çıxışında Ramiz Rövşən yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən danışıb. Söylənilib ki, Ramiz Rövşən şeiri oxuculara sevdirən və şeirə yeniliklər gətirən imzalardandı. 

Təhsil-1 fakültəsinin tələbəsi Sərvər Qəhrəmanlı şairin sözlərinə yazılmış “Bağışla” mahnısı ifa edib, Filologiya fakültəsinin tələbəsi Aysel Əlibabalı  şairin “Nə çoxmuş dünyanın yükü” və Təhsil-1 fakültəsinin tələbəsi Fidan Mikayılova “Mən elə bilirdim ölərəm sənsiz” şeirlərini qiraət ediblər. 
Sonda Xalq şairi Ramiz Rövşən şeirlərini səsləndirib, oxucuların suallarını cavablandırıb.

FOTO/VİDEO: Nicat Niftəliyev