Politoloqdan Zelenskinin fikirlərinə REAKSİYA: “Sanki bizi təhdid edir”
    • 25-04-2022, 13:04
    • 409

Politoloqdan Zelenskinin fikirlərinə REAKSİYA: “Sanki bizi təhdid edir”

“Azərbaycan Ukraynaya humanitar yardım edir və Rusiyanın Ukraynaya qarşı müharibəsində neytral mövqe tutur. Prezident Əliyev həmişə Ukraynanı dəstəkləyib. Humanitar və tibbi yardımlar olub. Hesab edirəm ki, bu gün Azərbaycanın Ukraynaya silah yardımı etməsi çətindir. Bunu başa düşmək olar, çünki onların Dağlıq Qarabağ problemi var. Azərbaycan çox az ölkələrdəndir ki, mövqeyini, neytrallığını başa düşürük, çünki orada yenidən müharibə alovlana bilər. Amma hər halda, biz daha çox şey gözləyirik”.

Bu barədə şənbə günü, aprelin 23-də Ukrayna prezidenti Volodimir Zelenski Kyivdə keçirdiyi mətbuat konfransında jurnalistlərin sualının cavabında bildirib.

O, müharibə mövzusunu davam etdirərək qeyd edib ki, ölkələr Ukraynaya daha çox kömək etməlidir: “Çünki belə bir ifadə var: Bizimlə bitirib, sizdən yapışacaqlar”.

Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov News24.az-a açıqlamasında Zelenskinin fikirlərini şərh edib.

Politoloq Ukrayna prezidentinin Azərbaycanla bağlı fikirlərini tənqid edib: “Ukrayna prezidentinin açıqlamasını oxudum. Zelenski həqarətə yol verib. Azərbaycanın mövqeyi ilə bağlı dövlət başçısına yaraşmayan fikirlər səsləndirib. Sanki bizi təhdid edir. Ukrayna prezidenti demək istəyir ki, səbrimizin də bir limiti var. Zelenski müharibədən zəfərlə ayrılan bir ölkə haqqında fikir yürüdərkən daha diqqətli olmalıdır. O özünü elə aparır ki, sanki üstünlük Ukraynadadır. Ancaq mövcud gedişat onun göstərir ki, Ukrayna yeni ərazilər itirə bilər. 

Azərbaycan Ukrayna xalqına daim dəstək olur, dövlətimiz humanitar və insani yardımlar edir. Bu mövqedə bir dəyişiklik olacağına inanmıram. İkinci məsələ ondan ibarətdir ki, 44 günlük Qarabağ müharibəsində Ukrayna bizim onlara verdiyimiz dəstəyin yarısını belə göstərməyib”.