“Finlandiya qurbandır, Rusiya bu bataqlıqda tək batmayacaq, Türkiyə...” - ŞƏRH
    • 20-05-2022, 16:08
    • 802

“Finlandiya qurbandır, Rusiya bu bataqlıqda tək batmayacaq, Türkiyə...” - ŞƏRH

Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün rəsmi müraciəti bir neçə gündür ki, müzakirə mövzusudur. Bu ölkələrin NATO-ya üzv ola bilməsi üçün Türkiyə də daxil olmaqla bütün NATO üzvlərinin razılığı tələb olunur. Ancaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçin NATO-ya daxil olmasına müsbət baxmadığını açıq ifadə edib. “Biz dostlarımıza bildirdik ki, Finlandiya və İsveçin NATO-ya üzv olmasına yox deyəcəyik. Biz bunu davam etdirəcəyik. Terror təşkilatlarının NATO-da olmasına icazə verməyəcəyik. Bu ölkələr PKK və PYD (terrorçu PKK-nın Suriyadakı bölməsi) üçün vətəndir”-deyə, o bildirib.

Politoloq Cümşüd Nuriyev
məsələni News24.az-a şərh edib.

O bildirib ki, Türkiyənin iddiasının arxasında əsaslı səbəblər var: “PKK və YPG terror təşkilatlarının liderləri İsveç və Finlandiyada məskunlaşıb. Ərdoğan “yox” deyən kimi İsveçin paytaxtı Stokholmda yerüstü keçiddə PKK terror təşkilatına aid bayraqlar asıldı. Türkiyə NATO-da söz sahibidir və artıq 70 ili tamam olur. Finlandiya isə burada qurbandır. Çünki İsveç və Rusiyanın ancaq dəniz sərhədləri var və heç bir problemi yoxdur. Amma Finlandiya və Sankt-Peterburqun arasında 40 kilometr məsafə var. Bundan əlavə, Kalininqrada yeganə çıxış yolu Baltik dənizi ilə mövcuddur. Finlandiya NATO-ya üzv olarsa, raketə ehtiyac qalmayacaq, Sankt-Peterburqu yaxın məsafədən toplarla vurmaq mümkün olacaq. Raketi hava hücumundan müdafiə sistemi ilə tutmaq çətin deyil. Ancaq topların qabağını almaq mümkünsüzdür. Bu baxımdan Rusiya məsələyə ciddi baxır.


Türkiyə tək qalmayıb. Xorvatiya da artıq Finlandiya və İsveçin NATO-ya üzvlüyünə etiraz edir. Hesab edirəm ki, Finlandiya və İsveçin iyun ayında NATO-ya girişi alınmayacaq. Finlandiya elə böyük dövlət deyil. 10 milyona yaxın əhalisi var. Elə də güclü ordusu və dövlət siyasəti yoxdur. Rusiya və Qərb arasında Ukraynadan sonra yeni qurban Finlandiyadır. Əslində, Finlandiya NATO-ya üzv olsa da, təhlükəsizliyinin təminatında heç bir yenilik olmayacaq. Əsaq məqsəd ikinci cəbhə açıb, Rusiyanı daha böyük müharibə bataqlığına çəkib, batırmaqdır. Ancaq Rusiya bu bataqlıqda tək batmayacaq. Rusiya iqtisadi cəhətdən çökdükcə, Avropa da çökəcək. Bunun qarşısını almaq mümkün deyil. Hadisələrin gedişi göstərir ki, Rusiya artıq müharibədən qazanmağa başlayıb. Rusiya ötən il heç bir müharibəsiz 100 milyard avro qazanmadığı halda bu il qısa müddətdə 100 milyard avro gəlir götürüb. Bu gəliri qazın qiymətinin qalxmasından əldə edib. Avropada qazın qiyməti iki dəfədən çox artıb. Bu gedişlə Avropa ölkələrinin çoxunda sənaye çökəcək. Avropanın iqtisadi lokomotivi olan Almaniyanın təminatının 80 faizə qədərini Rusiya edir. Almaniyanı təmin edə biləcək ikinci ölkə yoxdur”. 

Siyasət şöbəsi