Romada Azərbaycan-İtaliya diplomatik münasibətlərinin 30 illiyi qeyd edildi
    • 29-05-2022, 11:57
    • 395

Romada Azərbaycan-İtaliya diplomatik münasibətlərinin 30 illiyi qeyd edildi

Roma şəhərində 28 May – Müstəqillik Günü və Azərbaycanla İtaliya arasında diplomatik münasibətlər qurulmasının 30 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən News24.az-a verilən məlumata görə, Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı və Azərbaycan icmasının iştirakı ilə baş tutan tədbirə İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellati, Deputatlar Palatasının sədr müavini, “Yaşayan İtaliya” partiyasının sədri Ettore Rosato, bərabər imkanlar və ailə məsələləri üzrə nazir Elena Bonetti, senator və deputatlar, komissiya sədrləri, Avropa Parlamentinin İtaliyadan olan üzvləri, müxtəlif dövlət qurumlarının, diplomatik korpusun, işgüzar, mədəniyyət, akademik çevrələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri qatılıblar.

İki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və Deputatlar Palatasının sədr müavini Ettore Rosato çıxış ediblər. Müstəqillik Gününün Azərbaycan tarixindəki əhəmiyyəti, 104 il öncə 1918-ci ilin 28 May tarixində müsəlman Şərqində ilk dəfə məhz Azərbaycanda demokratik və dünyəvi dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı, 1991-ci ilin payızında bərpa edilmiş dövlət müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri, Prezident İlham Əliyevin strateji xəttinin Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltdiyi və ölkəmizi regionun lider dövlətinə çevirdiyi, 2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu və bölgədə davamlı sülhün bərqərar olması üçün perspektivlərin açıldığı qonaqların nəzərinə çatdırılıb.

Azərbaycanla İtaliya arasında diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində əlaqələrimizdə çoxölçülü strateji tərəfdaşlıq kimi yüksək səviyyənin əldə edildiyi, son illərdə İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfərlərinin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın İtaliyaya, İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellatinin Azərbaycana rəsmi səfərlərinin əhəmiyyətindən bəhs edilib. Prezident İlham Əliyevin Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsünü gələcək əməkdaşlığın əsas sütunlarından biri kimi xarakterizə edən Ettore Rosato 2020-ci ilin dekabrında müharibədən dərhal sonra Qərb ölkələrindən ilk olaraq İtaliya parlament heyətinin ölkəmizin azad edilmiş ərazilərinə etdiyi səfərin təəssüratlarını bölüşüb. “Azərbaycan bölgədə sülhün təmin olunmasında liderliyə malikdir və İtaliyanın strateji müttəfiqidir”, - Deputatlar Palatasının sədr müavini bildirib.

Tədbir ailə həyatı qurmuş azərbaycanlı bəstəkar-pianoçu Kəmalə Əlizadə və italyan bəstəkar-gitaraçı Stefano Muskaritolonun ifasında “Dostluq notları” adlı konsert proqramı ilə davam edib. Azərbaycan və İtaliyanın tanınmış bəstəkarlarının, eləcə də musiqiçilərin özlərinin bəstələdiyi əsərlərin, “Sarı gəlin”, “Ay Laçın”, “Gözəlim sənsən”, “Şuşa üzərində uçmaq”, “Cənnətim Qarabağ” kimi mahnıların ifa edilməsi auditoriyanın alqışları ilə qarşılanıb.