Türk Dövlətləri Təşkilatına qədər keçən yola qısa nəzər - ŞƏRH
    • 30-05-2022, 11:55
    • 270

Türk Dövlətləri Təşkilatına qədər keçən yola qısa nəzər - ŞƏRH

Dünən Teknofestivaldan xoş təəssüratlarla ayrılarkən Türkiyə-Azərbaycan qardaşlığına dair bəzi tarixi faktları xatırladım. Əmir Teymurun istilası zamanı Yıldırım Bəyazit Türkiyəyə sığınan Azərbaycan sultanlarından Yusufu  bütün sərt  tələblərinə baxmayaraq, Teymura təhvil verməmişdi. Bir neçə yüz il sonra, 1919-cu ildə azərbaycanlı gənclər çeçen və digər qardaşları ilə birlikdə Nuru Paşanı Batum həbsxanasından qaçırmışdılar.

Azərbaycan hökuməti ən çətin vəziyyətində Antanta ölkələrinin bütün sərt tələblərinə baxmayaraq, Nuru Paşanı təhvil verməmişdi. İngilis mənbələrində yazılırdı ki, Azərbaycan hökumətinin Nuru Paşanı təslim etmək fikri yoxdur, o özünü evindəki kimi hiss edir. Türkiyənin apardığı bütün müharibələrdə, o cümlədən, Balkan savaşları, Birinci Dünya müharibəsi zamanı müstəqil olmayan azərbaycanlılar deyirdilər ki, Türkiyə yaşamalıdır ki, türklük yaşasın. Onlar Türkiyənin qələbəsini öz qələbələri,  məğlubiyyətlərini öz məğlubiyyətləri kimi qəbul edirdilər. Türk xalqları müstəqillik uğrunda mübarizələrində güvəni Türkiyədən alırdılar. Zülm altında inləmələrinə baxmayaraq, azərbaycanlı gənclər Balkan və Çanakkala savaşlarında türk qardaşları ilə çiyin-çiyinə vuruşmuşdular. Azərbaycanlılar türk əsir qardaşlarını Nargindəki ölüm düşərgəsindən qaçırmışdılar. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Osmanlı hərbçilərindən ibarət Qafqaz İslam Ordusu tərəfindən Bakı şəhəri azad edilmişdi. Türk xalqının istiqlal savaşında azərbaycanlılar iştirak etmiş, yardım etmişdilər. Azərbaycanlı qızlar zinyət əşyalarını, nişan üzüklərini türk ordusuna yardım üçün göndərmişdilər. Mustafa Kamal Paşa yardımlara görı təşəkkür edəndə  Azərbaycan hökumətinin başçısı Nəriman Nərimanov demişdi ki, qardaş qardaşa borc verməz, əl tutar. Mustafa Kamal Paşa "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" demişdi. İkinci Dünya müharibəsi illərində Nuru Paşa Almaniyada faşist hərb düşərgələrini gəzərək bir çox azərbaycanlını ölümdən xilas etmişdi. Təxminən son 30 ilin təcrübəsindən də çoxlu misallar gətirmək olar. 1991-ci ildə hələ SSRİ-nin mövcud olmasına və NATO dövlətlərinin "bütün sovet respublikalarının dövlət müstəqilliyini eyni zamanda tanıyaq" barədə Ankaraya ağır  təzyiqlərinə baxmayaraq, Məsud Yılmazın rəhbərlik etdiyi türk hökuməti cəsarətli addım ataraq Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk olaraq tanıdı.

Azərbaycan neftinin dünya bazarlarına çıxarılması məsələsində edilən bütün təzyiqlərə, sui-qəsd, dövlət çevrilişi cəhdlərinə baxmayaraq, ulu öndər Heydər Əliyev "mən ticarətçi deyiləm, siyasətçiyəm, əsas ixrac neft boru kəməri Türkiyə ərazisindən keçməlidir" deyərək israr etdi və istəyinə nail oldu. Neftin ixracının açarını qardaş Türkiyənin əlinə verdi.  Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri və digər layihələr reallaşdırıldı. Bu gün ürəyimizin bir parçası olan qardaş Türkiyənin G-20 cərgəsində gücünə görə dünyanın 11-ci dövləti olması eyni zamanda bu siyasətin nəticəsidir. Heydər Əliyev "bir millət, iki dövlət" dedi".  Avropa İttifaqının Praqada keçirilən Şərq tərəfdaşlığı proqramı çərçivəsində Ermənistan başçısı Serjik Sarkiysan Türkiyə əleyhinə danışmağa başlayanda cənab Prezidentimiz İlham Əliyev "Türkiyə burada yoxdur, arxasınca danışırsan, amma mən buradayam, cavabını verirəm" deyərək onu tutarlı fakt və dəlillərlə rəzil etdi. İlham Əliyev "bir millətin iki diasporu olmaz" dedi. Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Məclisinin kürsüsündən Azərbaycanın haqq işini birmənalı müdafiə etdi. 44 günlük müharibədə Türkiyə Prezidenti "hər hansı bir dövlət müdaxilə edəcəksə biz də edəcəyik" deməklə kənar müdaxilələrin qarşısını aldı.   Bir zamanlar türk dünyasının tək dövləti olan qardaş Türkiyə ilə yanaşı bu gün müstəqil Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türk Dövlətləri Təşkilatı  müstəqil dövlətləri olmayan türk xalqları üçün örnək və güvən yeridir. Teknofest göstərdi ki, bir zamanlar xaricdən silah almağa möhtac olan Türkiyə və Azərbaycanın müdafiə sənayesi bu gün dünyanın ən qabaqcıllarından biridir. Göylərə hakim olan yerlərə də hakimdir. Zatən türklük ucalıq, əbədiyyət, uğur, yenilməzlik deməkdir.  Əvvəl-axır dünya türkün olacaq!

Milli Məclisin deputatı Musa Qasımlı