Bakıda oğlanın 19-cu mərtəbədən yıxılıb ölməsi barədə ŞOK FAKTLAR
    • 13-06-2022, 14:00
    • 363

Bakıda oğlanın 19-cu mərtəbədən yıxılıb ölməsi barədə ŞOK FAKTLAR

Keçən ilin noyabrın 15-də paytaxtın Nəsimi rayonu S.Vurğun küçəsi 79 ünvanda yerləşən çoxmərtəbəli binanın 19-cu mərtəbəsindən 1999-cu il təvəllüdlü Səid Hüseynlinin pəncərələri silərkən yıxılaraq ölməsinin təfərrüatı məlum olub.

News24.az-ın məlumatına görə, hadisə Bakı Metropoliteninin 28 May stansiyası yaxınlığındakı tanınmış şəxslərdən birinə məxsus olan və 19-cu mərtəbəni tam əhatə edən 800 kvadrat metrlik evdə baş verib.

Belə ki, Kürdəmir şəhər sakini, 1999-cu il təvəllüdlü Əfsanə Rzayeva 2021-ci ildə Bakı Slavyan Universitetini bitirən kimi Facebook və İnstagram sosial şəbəkələrində Təmizlik.az səhifəsi yaradaraq mənzillərin, ofislərin və digər ərazilərin təmizlənməsi ilə bağlı elanlar verib. Heç bir rəsmi sənədləşmə olmadan, vergi ödəyicisi kimi qeydiyyatdan keçməyən Əfsanə sosial şəbəkələr vasitəsilə sifarişlər qəbul etməyə başlayb və ətrafına topladığı təmizlikçi insanları, eləcə də, fəhlələri müxtəlif ünvanlara göndərərək həmin sifarişləri icra edib və gəlir əldə edib. Belə sifarişlərdən biri də, keçən ilin noyabrında tanınmış şəxslərdən birinin ailəsindən gəlib. Onlar Səməd Vurğun küçəsində yerləşən çoxmərtəbəli binadakı 800 kvadrat metrlik evin təmirdən sonrakı təmizliyi üçün 1600 manata razılaşıblar. Əfsanə bu işə cəlb etdiyi şəxsləri, eləcə də Səid Hüseynli, onun həyat yoldaşı Ayşən və digər şəxsləri həmin ünvana göndərib. Evdə təmizlik işləri görülərkən Səid belinə kəmər bağlayaraq pəncərələri çöl tərəfdən silməyə başlayıb. Bu zaman o, ehtiyatsızlıqdan pəncərədən yıxılıb və kəməri tutan şəxs də gücü çatmadığından onu saxlaya bilməyib. 19-cu mərtəbədən yerə çırplan gənc oradaca vəfat edib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda ilkin olaraq Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Lakin bu maddə sonradan Cinayət Məcəlləsinin 124.1-ci, yəni ehtiyatsızlıqdan adam öldürmə maddəsinə tövsif edilib. Iş üzrə Təmizlik.az səhifəsini yaradan 22 yaşlı Əfsanə təqsirləndirilib. O, deyib ki, gəliri az olduğu üçün yaratdığı işi rəsmiləşdirməyib və vergi ödəyicisi kimi qeydiyyata düşməyib. Hadisədən əvvəl isə o, Səidin pəncərələri silməsi zamanı onun kəndirinin həyat yoldaşı Ayşən tərəfindən tutulmasını görərək iradını bildirdiyini deyib: “Onlara dedim ki, kəndiri saxlamaq Rüstəmin işidir. Sonra Binəqədidə bağ evinə baxmaq üçün oradan çıxdım, həm də oradakı işçilər məndən divansilən aparat istəmişdilər. Oraya yola düşdükdən 1 saat sonra mənə zəng edib Səidin 19-cu mərtəbədən yıxılmasını və ölməsini xəbər verdilər”.

Cinayət işinin materiallarına Nəsimi rayon məhkəməsində baxılıb. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesinin yekununda 22 yaşlı Əfsanənin törətdiyi əmələ görə qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işlərinə məhkum edilməsinə hökm edilib.