Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə NİYƏ GÖZ YUMDU? – Pərdəarxası detallar
    • 29-06-2022, 14:43
    • 398

Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə NİYƏ GÖZ YUMDU? – Pərdəarxası detallar

“Türkiyə NATO üzvü olaraq Finlandiya və İsveçin Şimal Alyansına üzvlüyünə sona qədər veto qoya bilməzdi, xüsusilə Rusiya ilə qarşıdurma fonunda bu kollektiv Qərbin planıdır. Lakin bu, Ankara üçün tarixi fürsət idi və bundan da istifadə etdi”.

Bunu News24.az-a açıqlamasında siyasi analitik Asif Nərimanlı deyib.

O qeyd edib ki, Finlandiya və İsveç PYD/YPG və FETÖ üçün legitimləşmək mərkəzinə çevrilib: “Terrorçular bu ölkələrdən həm maliyyə trafikində istifadə edir, həm terrorçu kimliklərini legitimləşdirir, həm də beynəlxalq platformalara çıxış üçün istifadə edirdi. Bu ölkələrin beynəlxalq siyasətdə oynadıqları rol fonunda terrorçulara verdiyi dəstək daha çox ABŞ-ın istəyinin yerinə yetirilməsidir. Türkiyə İsveç və Finlandiyanın terrorçulara dəstəyini kəsməklə əslində ABŞ-ın siyasətinə təsir etdi. Fikrimcə, pərdəarxasında görünəndən daha böyük razılaşmalar var. Bu anlaşmalardan biri də Türkiyənin Suriyada hazırlaşdığı yeni əməliyyatla bağlı ola bilər”. 

O əlavə edib ki, Türkiyə Rusiya ilə müəyyən anlaşmalar əldə etdi: “Lavrovun Ankara səfəri də bu məqsədi daşıyırdı. Ardınca da Finlandiya və İsveçə qarşı vetonu geri götürdü, bununla ABŞ-la anlaşdı və istisna deyil ki, yaxın dövrdə Suriyada PYD/YPG-yə qarşı növbəti əməliyyata start veriləcək. Əməliyyatdan öncə terrorçuların İsveç və Finlandiyadan platforma olaraq istifadə etmək imkanının qarşısının alınması da uğurlu addımlardan biri hesab edilə bilər.

Təbii ki, bu ölkələrin anlaşmaya nə qədər əməl edəcəklərini də zaman göstərəcək. Çünki anlaşma PYD/YPG-ni rəsmi tərəfdaş kimi qəbul edən ABŞ-ın Yaxın Şərq siyasətinə ciddi təsir edə bilər. Türkiyənin əldə etdiyi əsas nəticələrdən biri də budur. Uzaq perspektivdə olmasa da, yaxın dövrdə PYD\YPG-yə dəstək arxa plana keçə bilər və bu da Türkiyə ordusunun yeni əməliyyatı üçün əhəmiyyətlidir”.