Van Qoqun naməlum əsəri kəşf olundu
    • 14-07-2022, 11:16
    • 897

Van Qoqun naməlum əsəri kəşf olundu

Vinsent Van Qoqun əvvəllər naməlum olan avtoportreti başqa bir rəsmin arxasında gizlədilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Şotlandiya milli qalereyasının mütəxəssisləri bu tapıntını sərgidən əvvəl kətanın rentgenoqrafiyası zamanı əldə ediblər. Gizli avtoportret “Head of a Peasant Woman” (Kəndli qadının başı) adlı əsərin arxa tərəfində yapışqan və karton qatları ilə örtülüb. Qalereyanın böyük mühafizəçisi Lesli Stevenson bunun əhəmiyyətli kəşf olduğunu bildirib.

Van Qoq pula qənaət etmək üçün tez-tez kətanlardan yenidən istifadə edirdi. Əsərləri sağlığında satılmayıb və ölümündən sonra şöhrət qazanıb. “Head of a Peasant Woman” əsərində isə rəssamın 1883-cü ilin dekabrından 1885-ci ilin noyabrınadək yaşadığı Hollandiyanın cənubundakı Nuenen şəhərindən olan yerli qadın təsvir edilib.

Qalereyadakı mütəxəssislər gizli avtoportretin üzə çıxarılmasının mümkün ola biləcəyini, lakin yapışqan və kartonun çıxarılması prosesinin zərif konservasiya işlərini tələb edəcəyini bildiriblər. Həmçinin Edinburqdakı sərgiyə gələnlər ilk dəfə xüsusi hazırlanmış işıq qutusu vasitəsilə rentgen vasitəsilə görə biləcəklər.

Vüsalə Babaşova