Bakıda qorxunc hadisə - 10 manata görə kişinin gözünü çıxardılar
    • 19-07-2022, 11:19
    • 797

Bakıda qorxunc hadisə - 10 manata görə kişinin gözünü çıxardılar

Bakıda tanışının gözünü çıxaran şəxsə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, hadisə ötən ilin 4 dekabr tarixində saat 15:00-da Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Məhəllə N1” kafesinin həyətində baş verib.

Araşdırmalar zaman məlum olub ki, hadisədən əvvəl Bakıxanovda yaşayan Yalçın Novruzov dostu, Salyan sakini 1954-cü il təvəllüdlü Əli Vəliyevdən noyabrın 5-də 10 manat borc pul alıb.

O bildirib ki, pulu 10 gün müddətində geri qaytaracaq. Lakin 1 ay keçsə də, Yalçın Əlidən aldığı pulu geri qaytarmayıb. Dekabrın 4-də Əli onu kafedə görüb və aldığı 10 manatı niyə qaytarmadığını soruşub. Yalçın isə öz növbəsində ona etiraz edərək “kişinin kişiyə borcu olar” deyib və mübahisəyə başlayıb. Mübahisə zəminində Əli Yalçının göz nahiyəsinə zərbələr endirib. Bu zaman Yalçın gözünü tutaraq güclü ağrı hiss etdiyini və görə bilmədiyini deyib. O, daha sonra xəstəxanaya, oradakı müayinədən sonra isə Z.Əliyeva adına Göz İnstitutuna aparılıb.

Məlum olub ki, Yalçın görmə qabiliyyətini tam itirib.

Faktla bağlı 68 yaşlı Əli barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. Məhkəmədə Yalçın Əlini bağşladığını deyib və ondan şikayətçi olmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Vəliyevə 1 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib və o, azadlıqda qalıb.