"Balam canını tapşıran kimi həkim çarpayının altında gizləndi” – Hüseynin anası
    • 19-07-2022, 17:31
    • 23 062

"Balam canını tapşıran kimi həkim çarpayının altında gizləndi” – Hüseynin anası

Faciəli şəkildə vəfat edən şəhid övladının ölümü ilə bağlı yeni faktlar üzə çıxıb.

News24.az-ın əməkdaşları azyaşlı Hüseynin evində olub. Anası Aynurə Cəfərli hadisə barədə danışıb. Bildirib ki, Hüseyn həyətdə uşaqlarla oynayanda əlindəki konfetı ağzına atıb. Konfetin kağızı tam soyulmayıbmış: “Hüseyn qəfildən yüyürdü ki, bəs, boğazımda şokolad kağızı qaldı. Öskürəndə, nəfəs alanda xışıltı eşidilirdi. Həmin an çox qorxdum. Fikirləşdim ki, təcili həkimə aparmaq lazımdır. Əvvəlcə Daşkəsənə apardıq. Orada həkim baxdı, dedi ki, boğazında heç nə qalmayıb, hər şey qaydasındadır. Sonra gördük, nəfəs alanda yenə xışıltı eşidilir. Ona görə Hüseyni Gəncə 2 saylı Uşaq Xəstəxanasına gətirdik. Bazar günü olduğundan yalnız növbətçi həkim vardı. Həkim müayinə edənə qədər vəziyyəti bir az daha pisləşdi. Uşaq öskürəndə kağız nəfəs borusuna yapışdı. Hüseyn çox pis nəfəs almağa başladı. Sonra həkim gəldi müayinəyə başladı. Qaşığın arxa hissəsini uşağın boğazına saldı. O məqamda Hüseynin ağzından qan gəlməyə başladı. Vəziyyətinin pisləşdiyini görüb uşağı oksigen aparatına qoşdular. Başqa həkimləri çağırdılar. Bəziləri dedi ki, gələ bilmirik, bəziləri də dedilər ki, məzuniyyətdəyik. Çox çarəsiz vəziyyətdəydik. Uşaq əlimizdə canıyla əlləşirdi. Dadına yetən yox idi. Bir az keçdi, dedilər, uşaq keçinib. Oksigen aparatından ayırdılar. Balamın rəngi qapqaraydı, əl-ayağı buza dönmüşdü. 1 saat keçəndən sonra gördük, uşağın ağzından köpük gəlir. Həkimlər dedi, uşaq ölməyib, hələ yaşayır. Təcili Gəncə 2 saylı şəhər klinikasına apardıq. Elektroşok verdilər, ürəyi yenidən döyünməyə başladı. Bir müddət keçdi bu dəfə də dedilər, artıq gecdir, beyin ölümü olub. Uşağım beləcə canını tapşırdı… Hüseynim dünyasını dəyişəndən sonra ona baxan həkim qorxusundan çarpayının altına girmişdi”.

Hüseynin nənəsi Zenfira Cəfərli isə həkimlərin  mətbuata yalan məlumat verdiyini iddia edir: “Deyirlər, uşaq xəstəxanaya gələndə ölü vəziyyətdə olub. Halbuki bu, yalandır. Xəstəxanaya girəndə uşaq yaxşıydı. Anasının əlindən tutub içəri girdi. Vəziyyəti xəstəxanada pisləşdi. Həkim də açıqlama verib ki, guya uşaq gələndə ölü vəziyyətində olub. Televiziyalarda, saytlarda belə yazılıb. Yalandı, balam xəstəxanaya sağlam girib, ölü çıxıb".

Azyaşlının əmisi isə deyir ki, həkimlərə müdaxilə etmək üçün təkid etsələr də, onlar boyun qaçırıb: "Uşağın huşu gedəndən sonra ürək masajı elədilər. Faydası olmadı. Dedim ki, elektroşok verin. Həkim dedi ki, verə bilmərəm. Adrenalin iynəsi vurmaq üçün məcbur elədim. Vurdu, onda da gec oldu. Laxta qan axmağa başladı. Bildik ki, Hüseyn keçindi".

Ailənin digər yaxını Zivər İbrahimzadə isə deyib ki, xəstəxanada uşaq canını tapşırmazdan qabaq ayaqlarını, çənəsini bağlayıblar: "Mən xəstəxanaya bir az gec gəldim. Gələndə gördüm ki, uşağın üzünü bağlayıblar. Üzünü açdım. Canı isti idi, ağzından köpük gəlirdi. Əgər ürək vurmursa, ağzından köpük necə gələr? Ürək masajından sonra uşaq özünə gəldi. Sonra dedilər ki, beyin ölümü gerçəkləşib, ürəyin vurmasının bir faydası yoxdur".

Qeyd edək ki, azyaşlıya cərrah Şahin Şirinov və uşaq həkimi Gülmira Əliyeva baxıb. 

Azyaşlının ailəsinin dedikləri ilə bağlı adıçəkilən həkimlərlə əlaqə saxlamaq cəhdimiz baş tutmadı.

Müxbir: Qumral Əliyeva, Vüsalə Babaşova
Foto: Nicat Niftəliyev