Məktəbli formalarının qiymətləri AÇIQLANDI
    • 6-08-2022, 15:17
    • 1 015

Məktəbli formalarının qiymətləri AÇIQLANDI

"Əməkdaşlarımız hazırda Türkiyə, Özbəkistan, Belarus, Rusiyaya parça almaq üçün gedib. Onlar da çalışır ki, tikiş üçün həm keyfiyyətli, həm də münasib qiymətli materiallar alsınlar. Bununla belə qiymətlər 70 manatdan baha olmayacaq".

Bu fikirləri News24.az-a açıqlamasında "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov deyib.

Onun sözlərinə görə, formaların qiyməti parçasından asılı olaraq dəyişəcək: "Bəzi mallarımız yolda, bəzisi də gömrükdədir. Parçanın qiyməti, nəqliyyat xərcləri, rüsumlar və s. bütün xərclər toplanacaq və formanın qiymətini müəyyən edəcək. Formaların köynəkləri 100 faiz pambıq parçadan olmalıdır. Pambıq parça da təbii xammal olduğu üçün bahalı olur".
   
Etibar Əzimov əlavə edib ki, ilk dönəmlərdə vaxt məhdudiyyəti  olduğundan geniş istehsal nəzərdə tutulmur: " Lakin il boyu istehsal davam edəcək.
Valideynlər ilk olaraq yaz üçün nəzərdə tutulan formaları ala biləcək".

Şöbə müdiri bildirib ki, 2022/2023-cü tədris ili üçün təsdiq olunan məktəbli geyim formaları avqust ayının 15-dən etibarən satışa çıxarılacaq.
Qiymətlər də bundan sonra müəyyən ediləcək.

Qumral Əliyeva