“Əhalini yoxsullaşmadan qorumaq üçün heç bir iş görülmür” – Ekspertdən SƏRT SÖZLƏR
    • 19-08-2022, 16:07
    • 823

“Əhalini yoxsullaşmadan qorumaq üçün heç bir iş görülmür” – Ekspertdən SƏRT SÖZLƏR

Azərbaycanda unun və çörəyin qiyməti bahalaşıb. Bu barədə un və çörək istehsalçıları məlumat yayıb.

İqtisadçı-ekspert Rəşad Həsənov qərarla bağlı düşüncələrini News24.az-a şərh edib.

O bildirib ki, bu məsələdə qərarın qəbul edilməsinin əleyhinədir: “Daha yaxşı olar ki, məhsulların qiyməti kənar müdaxilə olmadan, bazar şərtləri daxilində formalaşsın. Belə olmadığı təqdirdə qiymətlər qalxır və daha sonra ucuzlaşma getmir. Ümumiyyətlə, bu məsələyə müdaxilə etməklə bağlı hökumətin hüququ yoxdur. Ancaq təəssüf ki, belə bir təcrübə formalaşıb və bunu psixoloji faktora çeviriblər. Nəticədə manipulyasiya edirlər. İnsanlar bilməlidir ki, çörək bir ailənin daxilində ən az xərc yükü olan məhsuldur. Çörəyin bahalaşması o qədər də ciddi maliyyə yükü yaratmır, nəinki digər məsələlər. Ümumilikdə bahalaşma gedir”.


Ekspert əlavə edib ki, təkcə çörəyin qiymətini uculaşdırmaqla nəyisə xilas etmək mümkün olmayacaq: “Hökumət anti-infilyasiya tədbirləri görməlidir, mümkün qədər qiymətlərin artımı istiqamətində yaranmış təzyiqlərin neytrallaşdırması işinə başlamalıdır. Bundan əlavə, gömrük rüsumlarının aradan qaldırılmalıdır, ticarət əlaqələrinə müəyyən düzəlişlərin edilməlidir, gəlir vergisindən azadolmalara yenidən baxılmalıdır və s. Ancaq istənilən halda hökumətin reaksiyası da gecdir. Hökumət anti-infilyasiya tədbirləri çərçivəsində nəsə etməyə çalışdı. Bu məsələ ilə bağlı müharibədən qabaq sərəncam imzalanmışdı. Sonradan vəziyyət daha da mürəkkəbləşdi. Rusiya-Ukrayna müharibəsi qlobal səviyyədə ərzaq tədarükü ilə bağlı ciddi problem yaratdı. Bahalaşma daha da sürətləndi. 

Ancaq biz məsələyə düzgün reaksiya verməmişik. Hərə özü üçün bir sənəd hazırlayır. Bizim mütəxəssislər uzunmüddətli nəticə verə biləcək məsələlərə fokuslanıblar. Bu, yanlış yanaşmadır. Cari vəziyyəti dəyişə biləcək qısamüddətli tədbirlər görmək lazımdır. Əhalini yoxsullaşmadan qorumaq üçün heç bir ciddi addım atılmır. Problem də budur. Vergi güzəştləri tətbiq olunmalıdır. Rüsumlar aradan qalxmalıdır, bazarda bolluq olması üçün idxala təşviq edilməlidir. Mənfəət normasını azaltmaqla qiymətləri daha əlçatan etmək olar. Qarşısı alına bilməyən inflyasiya üçün isə əhalinin qorunması ilə bağlı mexanizmlər işə düşməlidir, sosial qrupların gəlirlərinin artırılması ilə bağlı paketlər hazırlanmalıdır. Neft gəlirləri 2 milyard yarımdır. Biz iki dəfə büdcəyə baxdıq, lakin bu məqsədlə 1 manat belə ayrılmadı”.