“Ukrayna siyasi baxımdan artıq RUSİYANI UDUB” – Tofiq Zülfüqarov
    • 12-09-2022, 17:14
    • 1 158

“Ukrayna siyasi baxımdan artıq RUSİYANI UDUB” – Tofiq Zülfüqarov

“Ukrayna Ordusu artıq itirdiyi bəzi əraziləri geri qaytarmağa başlayır. Müəyyən qədər irəliləyiş var. Ancaq biz başa düşməliyik ki, Ukraynada cəbhə xətti klassik formada qurulmayıb. Orada müxtəlif mövqelərdə möhkəmlənən müdafiə dayaqları mövcuddur. Ukraynanın şimal istiqamətində irəliləməyi o demək deyil ki, digər istiqamətlərdə də bunu bacaracaqlar. Bunu demək üçün hələ tezdir. Gözləyək, görək, Ukrayna ordusu lazımi gücü toplayıb, zəruri silahları ala bilirmi?!”

Bunu News24.az-a açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

O bildirib ki, Ukraynanın müdafiəsinin yaxşı olması onu deməyə əsas verir ki, müəyyən məqamlarda Rusiya ilə danışıqlar aparmaq olar: “Siyasi baxımdan artıq Ukrayna udub. 1994-cü ildə Ermənistanla atəşkəs müqaviləsi imzalayanda bizim də vəziyyətimiz ağır idi. 20 faiz torpaqlarımız işğal altında idi. Hücumlar isə davam edirdi. Ukraynadan fərqli olaraq bizə beynəlxalq dəstək yox idi. Yəni biz həmin müqavilə ilə vaxt qazanıb, həm geosiyasi vəziyyəti dəyişə bildik, həm də hərbi baxımdan gücləndik. Ukraynanın siyasi elitası yəqin ki, lazımi qərarı verəcək. Qərb və ABŞ-ın məqsədi Rusiyanı zəiflətmək idi. Ukrayna vasitəsilə buna nail oldular. Məlum oldu ki, Qərb Rusiyaya qarşı çıxanın yanında ola bilər. Rusiyanın “hədə-qorxu” imicinə zərbə vurulub. Artıq Rusiya əvvəlki kimi qorxulu deyil”.