Azərbaycanlılar Rusiyada səfərbərliyə CƏLB OLUNACAQ?- EKSPERTLƏR AÇIQLADI
    • 23-09-2022, 15:45
    • 1 648

Azərbaycanlılar Rusiyada səfərbərliyə CƏLB OLUNACAQ?- EKSPERTLƏR AÇIQLADI

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsinin ardından ruslar xarici ölkələrə, eləcə də Azərbaycana üz tutmağa başladı.Bəs görəsən, rusların kütləvi şəkildə Azərbaycana üz tutması ölkəmiz üçün hansı nəticələr doğuracaq?

News24.az-a danışan politoloq Natiq Miri bildirib ki, rusların gəlişi kütləvi hal alarsa, onlar Azərbaycan iqtisadiyyatına heç bir fayda verməyəcək:"Rusların Azərbaycana gəlməsinin Azərbaycan üçün müəyyən təhlükələri var. Maliyyə cəhətdən o qədər də güclü olmayan ruslar müəyyən bir müddətə qədər öz büdcələrindən pul xərcləyəcəklər. Həmin vaxtdan sonra Azərbaycanda  hər hansı işlə məşğul olmaq məcburiyyətindədirlər. Bu gün azərbaycanlılar üçün iş tapmaq imkanı məhdud olduğu halda bir də rusları işlə təmin etmək məcburiyyəti yaranır. Bu da sosial təminat baxımından Azərbaycan cəmiyyətinin maraqlarına uyğun deyil. Hər bir halda bunu müsbət qiymətləndirmirəm".


İnsanları bir məqam da düşündürür. Rusiyada yaşayan azərbaycanlılar da səfərbərliyə cəlb olunacaqmı?


Bu barədə də danışan politoloq qeyd edib ki, Rusiya höküməti daimi vətəndaşlıq verdiyi azərbaycanlıları səfərbərliyə cəlb edə bilər: "Rusiya dövləti hər hansı bir təhlükə qarşısında qalarsa, öz ərazisində yaşayan və Rusiyavətəndaşı olan azərbaycanlıları hərbi səfərbərliyə cəlb edə bilər. Çünki vətəndaşlıq haqqında qanun var və  burada konkret olaraq hər bir vətəndaşın borcları, vəzifələri qeyd olunub. Belə olan halda hüquqi cəhətdən Azərbaycan dövlətinin edəcəyi bir şey də yoxdur. Azərbaycanda ikili vətəndaşlıq olmadığı üçün Rusiya vətəndaşlığını qəbul edən azərbaycanlılar Azərbaycan vətəndaşlığından çıxmış hesab olunur. Bu səbəbdən də hüquqi müdaxilələr mümkün deyil. Sadəcə Azərbaycan dövləti bəyan edə bilər ki, heç bir azərbaycanlı Ukraynada vuruşmaq məcburiyyətində deyil. Bunu sadəcə vətəndaşların öz ixtiyarına, azadlığına, iradəsinə buraxılmalıdır. Qazaxıstan, Qırğızıstan, Özbəkistan bu yöndə konkret bəyanatla çıxış etdi. Və öz vətəndaşlarına müraciət etdi ki, Ukraynaya qarşı döyüşməsinlər. Bu kimi müarciətin Azərbaycan tərəfindən də olmasının tərəfdarıyam. Ən azından insanlara seçim haqqı verilməlidir. Bu xüsusda 2 həll yolu var: Ya azərbaycanlılar Rusiyanı tərk etməlidir, ya da başqa ölkələrə üz tutub öz bizneslərini başqa ölkələrdə qurmalıdırlar".

Bəs məsələyə verilən hüquqi qiymət necə olacaq?

Hüquqşünas Şamil Paşayevin sözlərinə görə, səfərbərlik haqqında imzalanan müvafiq sənəddə səfərbərliyə çağırılacaq konkret şəxslər qeyd olunub. Qeyd olunan şəxslərdən başqa şəxslərin hərbi xidmətə çağırılması mümkün deyil: "Qərarda da göstərildiyi kimi səfərbərlik Rusiyada hərbi xidmət keçmiş ehtiyata zabit, gizir, miçman kimi buraxılmış əsgərlər barəsindədir. Digər şəxslərin hərbi xidmətə çağırılması mümkün deyil. Azərbaycanlıların döyüşlərdə iştirakı məsələsinə gəldikdə isə Rusiya vətəndaşı olub milliyət etibarilə azərbaycanlı olan şəxslər Rusiya vətəndaşlığı alıblarsa, həmin şəxslərin hərbi yaxud səfərbərlik xidmətinə çağırılması, hər hansı döyüşlərdə iştirak etməsi həmin dövlətin qanunları ilə müəyyən olunur. Azərbaycan Respublikası yalnız Azərbaycan Respublikasına hüquqi bağlılığı olan vətəndaşalara cavabdehdir. Ümumiyyətlə isə Rusiya yaxud da dünyanın istənilən ölkəsində miqrant, müvəqqəti iş, oturum icazəsi ilə yaşayan şəxslərin hər hansı döyüşlərdə iştirak etməsi qadağandır. Həmin şəxslər dövlətə mənsub deyil və hər hansı öhdəlik də daşımırlar. Onları hər hansı müharibəyə cəlb edə bilməzlər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə onların müharibəyə cəlb olunması cinayət tərkibi yaradır. Milliyət etibarilə azərbaycanlı olub, Rusiya vətəndaşı olan şəxslərin isə döyüşlərdə iştirak etməsi qanun pozuntusu deyil" 
Qumral Əliyeva