"Rusiyada yaşayan azərbaycanlılar səfərbərlikdən qaçmamalıdırlar" - DEPUTAT
    • 29-09-2022, 17:47
    • 194

"Rusiyada yaşayan azərbaycanlılar səfərbərlikdən qaçmamalıdırlar" - DEPUTAT

"Bu gün Rusiyada yaşayan azərbaycanlıların taleyi bizi düşündürür. Bu məsələ daim gündəmdədir. Ancaq hər bir ölkənin vətəndaşı mənsub olduğu ölkənin mənafeyini qorumalı, həmin dövlətin qanunlarına əməl etməlidir".

News24.az xəbər verir ki, bu fikirləri Bakupost.az -a açıqlamasında Rusiyada qismən səfərbərlik elan olunandan sonra orada yaşayan soydaşlarımızın taleyilə bağlı danışarkən millət vəkili Tahir Rzayev deyib.

Millət vəkili qeyd edib ki, hazırkı dönəmdə sərhədləri açmağımız doğru olmazdı:

"Rusiyada 2 milyona yaxın azərbaycanlı yaşayır, ancaq onların bir qismi Rusiya vətəndaşı deyillər. Əlbəttə ki, elan olunan qismən səfərbərlik məsələsi Rusiya vətəndaşı olan insanlara aiddir. Əgər orada azərbaycanlılar Rusiya vətəndaşıdırsa, deməli həmin ölkənin qanunlarına tabe olmalı və o qanunlar çərçivəsində hərəkət etməlidir. Sərhədləri açmağımız düzgün deyil. Bütün Rusiya vətəndaşı olan soydaşlarımızın, eləcə də Rusiya vətəndaşlarının səfərbərlikdən kənarda qalmaları heç bir hüquqa və dövlətin mənafeyinə uyğun deyil. Çünki bizim soydaşlarımız nəinki Rusiyada, eləcə də dünyanın bir çox ölkələrində yaşayır. Onlar həmin ölkələrdən bəhrələnir, orada işləyir və ailələrini dolandırır. Eyni zamanda həmin ölkələrdən müəyyən təminatlar alırlar. Ancaq dövlət müəyyən çətinliklərlə qarşılaşanda belə çıxır ki, həmin vətəndaşlar kənarda qalmalı, azərbaycanlı olduğu üçün həmin dövlətin müdafiəsinə dəstək verməməlidir. Bu, düzgün yanaşma deyil. Əlbəttə ki, müharibə dəhşətli haldır. Bir azərbaycanlı olaraq heç birimiz müharibənin olmasını istəmirik. Çünki erməni faşistlərinin Azərbaycan xalqının başına gətirdikləri, 30 ildə çəkilən bəlalar hər birimizin qəlbində bir ağrıya çevrilib. Biz bu müharibələrdən çox ciddi faciələr yaşamışıq. Ona görə də Ukrayna və Rusiya rəhbərlərinin sülhə gəlməsinin tərəfdarıyıq. Çünki bu müharibə və münaqişələr yeni insan tələfatına səbəb olacaq. Döyüşlərdə insan itkisi olur, kəndlər-şəhərlər dağılır, ölkələrin iqtisadiyyatına ağır zərbələr dəyir, eləcə də gələcək nəsillər faciələr yaşayır".