Məhsa Əminin atası qızının ölümü ilə bağlı ekspertiza rəyini rədd etdi
    • 8-10-2022, 14:03
    • 699

Məhsa Əminin atası qızının ölümü ilə bağlı ekspertiza rəyini rədd etdi

Məhsa Əmininin atası İran Ədliyyə Tibb Təşkilatının qızının ölüm səbəbi ilə bağlı hesabatını qəbuledilməz adlandırıb və rədd edib.

News24.az Teleqram kanallarına istinadla xəbər verir ki, İranın Ədliyyə Tibb Təşkilatı oktyabrın 7-də Məhsa Əmininin ölüm səbəbinin “baş və başqa bədən orqanlarına zərbə vurulması ilə bağlı olmadığını” elan edib.

Bu bəyanatın dərcindən bir neçə saat sonra Məhsa Əmininin atası Əmcəd Əmini “Amerikanın Səsi”nin Fars bölməsinə verdiyi müsahibədə qızının cəsədi ilə bağlı müşahidələrinin məhkəmə-tibb təşkilatının hesabatına uyğun gəlmədiyini və heç bir halda bu xəbəri təsdiq edə bilməyəcəyini vurğulayıb.

Əmcəd Əmini qızının bədənində, boynu və qulaqlarının arxasında qan izlərinin olduğunu, ayaqları da daxil olmaqla bədəninin bir çox yerinin əzilmiş olduğunu öz gözləri ilə gördüyünü bildirib.

“Məhsanın döyülmədiyini necə iddia etmək olar?”,- deyə, o, hökumətin ölüm barədə rəyindən təəccübləndiyini bildirib.

Xatırladaq ki, 22 yaşlı Məhsa Əmini adlı gənc xanım İranın əxlaq polisi tərəfindən sentyabrın 13-də Tehranda saxlanılıb. 

Vəhşicəsinə döyülən qız 3 gün komada qaldıqdan sonra sentyabrın 16-da ölüb. Əmininin öldürülməsinə etiraz olaraq başlayan xalq üsyanı hazırda İranın bütün əyalətlərinə və şəhərlərinə yayılıb.