Jurnalistlər üçün təlimlərin, müsabiqələrin sayı artırılmalıdır - QHT-media əməkdaşlığı
    • 24-10-2022, 16:26
    • 179

Jurnalistlər üçün təlimlərin, müsabiqələrin sayı artırılmalıdır - QHT-media əməkdaşlığı

İctimai problemlərin həllində aktiv rol oynayan kütləvi informasiya vasitələri ayrı-ayrı mövzuların işıqlandırılmasında QHT rəhbərlərinə müraciət edirlər. Bu gün qəzet və saytlarda, radio və televiziyalarda QHT rəhbərlərinin ayrı-ayrı mövzular üzrə mövqelərinə, çıxışlarına rast gəlirik. Bütün bunları QHT və media arasında əməkdaşlığının elementləri kimi qəbul etmək olar. Amma nədənsə, mətbuat QHT-lərin layihələrini, tədbirlərini işıqlandırmaqda o qədər də maraqlı görünmürlər.

Bunun səbəbini aydınlaşdırmaq üçün QHT və media nümayəndələrinə müraciət etdik.

Rey Kərimoğlu: “QHT-media əməkdaşlığı vətəndaş cəmiyyətinin daha da güclənməsinə səbəb olacaq”

“Qarabağ qaziləri” İctimai Birliyinin üzvü, "Qaziler.az" saytının baş redaktoru Rey Kərimoğlu QHT-media əməkdaşlığının hər zaman aktual və vacib olduğunu qeyd etdi:

“Bilirsiniz ki, mən uzun müddət həm QHT, həm də jurnalistika sahəsində çalışmışam. Bu iki institut arasında oxşarlıqlar çoxdur. Hər ikisi vətəndaş cəmiyyətinin inkişafına xidmət edir, ictimai nəzarəti həyata keçirir. Bəzən mətbuat QHT-lərə, bəzənsə QHT-lər jurnalistlərə mövzular verir. Biz bir-birimizdən bəhrələnirik. Belə olan halda bəzi media qurumlarının öz qapılarını QHT-lərin üzərinə bağlamaları başadüşülən deyil və səhv addımdır. Təbii ki, burada QHT-lərin də üzərinə böyük məsuliyyət düşür. Onlar layihələri, tədbirləri barədə mediaya daha dolğun məlumat verməlidirlər. Yaxşı olardı ki, hər bir layihəyə jurnalistlər dəvət olunsun. Çünki jurnalist mətbuat üçün açıqlamanı necə yazılmalı olduğunu yaxşı bilir. Qeyri-peşəkar səviyyədə hazırlanmış açıqlamalar redaksiyalar tərəfindən yaxın buraxılmır, onları dərc etmirlər”.

R.Kərimoğlu QHT Agentliyinin media ilə əməkdaşlığını yüksək qiymətləndirir:

“QHT Agentliyi jurnalist təşkilatlarının layihələrinə dəstək verir, onları maliyyələşdirir. Bu çox gözəl təşəbbüsdür. Bu o deməkdir ki, jurnalistlərimiz dövlətin vətəndaş cəmiyyətinə dəstəyindən yararlanır. Bir məqamı da vurğulayım. Jurnalistlər layihələri daha həvəslə, peşəkarcasına icra edirlər. Onların layihələrinə digər jurnlistlər də bu və ya digər formada dəstək verirlər. Çünki jurnlistlər vətəndaş cəmiyyətinin ən fəal üzvləridir. Onlar sosial şəbəkələrdə, ictimai həyatda aktivdirlər. Bu gün ictimai problemlər daha çox mediada işıqlandırılır. Təbii ki, biz sosial şəbəkələrin də rolunu dana bilmərik. Düşünürəm ki, QHT-lər həm mediada, həm də sosial şəbəkələrdə fəal olmalıdırlar. QHT-media əməkdaşlığı vətəndaş cəmiyyətinin daha da güclənməsinə səbəb olacaq”.

R.Kərimoğlu QHT Agentliyinin jurnalistlər üçün təlimlər, müsabiqələr keçirməsini vacib sayır:

“Jurnalistlər arasında vətəndaş cəmiyyətinin problemlərinə dair müsabiqələr keçirilməlidir. Vətəndaş cəmiyyətinin problemləri daim gündəmdə saxlanılmalıdır. Onsuz da jurnalistlər tez-tez QHT rəhbərlərinə, ekspertlərinə müraciətlər edir, onlardan açıqlamalar alırlar. QHT sədri olaraq mən hər gün bir neçə media orqanına açıqlamalar, müsahibələr verir, qazilərimizin, şəhid ailələrinin problemlərini qaldırıram. Biz media ilə birlikdə problemin üzərinə gedirik və gözəl nəticələr də əldə edirik. Yəni QHT-media əməkdaşlığının cəmiyyət üçün nə dərəcədə faydalı olduğunun fərqindəyik. Şərt deyil ki, QHT-lər yalnız maliyyələşdirilən layihələr üzrə işləsinlər. Layihə müddəti bitəndən sonra da gündəmdə olan problemləri qaldırmaq, onların həllinə çalışmaq lazımdır. Belə olan halda jurnalistlər özü QHT rəhbərlərinə zəng edib açıqlamalar alacaq, verilişlərə dəvət edəcəklər”.

Elman Cəfərli: “QHT ənənəvi media ilə əməkdaşlığın yollarını tapmalıdır”

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, jurnalist Elman Cəfərli hesab edir ki, QHT-media münasibətləri hələlik arzuolunan səviyyədə deyil:

“Bəzi kütləvi informasiya vasitələrində QHT-lərə bir ögey münasibət var. Bir çoxları QHT-ləri pul qazanan MMC gözündə görürlər, halbuki Azərbaycan QHT-lərinin əksəriyyətinin durumu elə də parlaq deyil. Əksəriyyəti az büdcə ilə nələrsə etməyə, cəmiyyətə faydalı işlər görməyə çalışır. QHT Agentliyi yaxşı ki, QHT-lərin layihələrinə dəstək verir, yoxsa durum daha da pis olar. Bir iş də var ki, bəzən QHT rəhbərləri media ilə işləməyi bacarmırlar. Paralel olaraq mediada çalışan şəxslərin rəhbərlik etdiyi QHT-lər fərqlilik nümayiş etdirir. Keçirdiyi görüşlər, təlimlər, gördüyü işlər barədə cəmiyyəti düzgün məlumatlandıra bilirlər”.

E.Cəfərli hesab edir ki, indi 90-lardakı kimi “filan qəzet qapısını bizim üzümüzə bağlayıb” bəhanəsi keçərli deyil: “İnformasiyanı saytlar, qəzetlər vermir, özün gözəl təqdimatla sosial şəbəkələrlə paylaş. Facebook, youtube, tik-tok, tvviterin imkanlarından istifadə etmək olar. Onu da deyim ki, cəmiyyəti məlumatlandırmaq baxımından sosial şəbəkələr yaxşıdır, amma ənənəvi media öz sanbalını, etibarını hələ də qoruyur”.

E.Cəfərliyə görə, QHT ənənəvi media ilə əməkdaşlığın yollarını tapmalıdır: “QHT-ənənəvi media əlaqələrini möhkəmləndirməyin bir yolu onları layihələrin icrasına cəlb etməkdir. Keçirilən tədbirlərə jurnalistləri, media kapitanlarını dəvət emək lazımdır”.

Elşad Paşasoy: “QHT-media əməkdaşlığına mili maraqlar müstəvisində baxılmalıdır”

“Yeni Müsavat” qəzetinin əməkdaşı, jurnalist Elşad Paşasoy bildirdi ki, ölkəmizdə fəaliyyət göstərən QHT və media orqanlarının sayı kifayət qədərdir:

“Effektli nəticəyə gəldikdə, təəssüf ki, bu baxımdan onların əksəriyyəti barədə ürəkaçan sözlər söyləmək mümkün deyil. Düzdür, dövlət həm vətəndaş cəmiyyəti təmsilçiləri, həm də media orqanlarına dəstək verir, onların normal çalışmasına stimul yaradır, amma bir sıra hallarda ayrılan maliyyə və diqqətin qarşılığında məhsuldarlıq əmsalının aşağı olduğunu müşahidə edirik. Bu baxımdan hər iki sektor öz işinə daha tənqidi yanaşmalı, daha çox faydalı olmaqdan ötrü əlindən gələni etməlidir. Dövlətə və millətə faydalı olmağın bir yolu da əməkdaşlıqdan keçir. QHT-lərlə media orqanlarının əməkdaşlığı ilə bağlı nümunələr olsa da, bunlar elə də çox deyil, bir sıra hallarda pərakəndə xarakter daşıyır. Doğrudur, bir sıra media mənsubları həm də QHT rəhbərləridir və bu, bəzən onların işini asanlaşdırır, həyata keçirilən layihələrin təbliği, ictimaiyyətə çatdırılması, yaxud daha geniş sferanı əhatə etməsi baxımından. Amma əksər hallarda bu sahədə də axsamaların şahidi oluruq. QHT-lərin ortaya qoyduğu layihələrin nə dərəcədə effektli olduğunu aydınlaşdırmaq üçün onların daha geniş miqyasda ictimailəşməsində fayda var. Bu, həm üçüncü sektora ayrılan vəsaitlərin nə dərəcədə faydalı işlərə, fəaliyyətə yönəldildiyinin xəritətini ortaya qoyardı, həm də son nəticədə rəqabət mühiti yaradardı. Təbii ki, dərc olunan məlumatlar söz yığınından ibarət olmamalı, daha konkret və əhatəli təsir bağışlamalıdır. Əks halda, oxucu bu kimi məlumatların üstündən keçib, sadəcə “pul silmək tələsi”nin olduğunu zənn edəcək”.

E.Paşasoy bildirdi ki, media orqanı da oxucu itirməmək naminə bu kimi “növbətçi” xəbərlərdən qaçacaq:

“Odur ki, qarşılıqlı şəkildə əməkdaşlıq edərkən maraqlar da nəzərə alınmalı, eyni zamanda ictimai rəy diqqətdən kənarda saxlanılmamalıdır. Unutmaq lazım deyil ki, dövlət dəstəyi ilə həyata keçirilən hər bir layihə ümumilikdə bu işi gözdən də sala, eyni zamanda dövlətin nə qədər faydalı sahəyə diqqət verdiyi barədə vətəndaşı məmnun edən qənaətin yaranmasına da səbəb ola bilər. Bəlkə bu işin tənzimlənməsi üçün qanunvericiliyə də hansısa əlavə və düzəlişlərə ehtiyac var. Deyək ki, QHT-lərin fəaliyyət sahəsi ilə bağlı məlumatların mediada işıqlandırılmasını stimullaşdıran düzəlişlərin edilməsi ümumi işə fayda verə bilər. Onsuz da media bazarı kasaddır və reklam gəlirləri cüzidir. Düşünürəm ki, burada ikitərəfli və ya çoxtərəfli əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsində fayda var. Lakin yenə də o qənaətimdə qalıram ki, QHT-media əməkdaşlığına yalnız şəxsi deyil, ümummili maraqlar müstəvisində baxılmalıdır”.

Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT – media əməkdaşlığının artırılması üzrə təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb./Publika.az/