İtaliyada helikopter qəzaya uğradı - 7 nəfər öldü
    • 5-11-2022, 21:49
    • 230

İtaliyada helikopter qəzaya uğradı - 7 nəfər öldü

İtaliyanın cənubundakı Focca şəhəri yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb.

Bu barədə “Il Messaggero” qəzeti məlumat yayıb.

Məlumata görə, ölənlərdən 5-i Sloveniyadan olan turistlərdir, onların hamısı bir ailənin üzvləridir və aralarında 13 yaşlı qız da var. Eyni zamanda, daha 2 nəfər - pilot və yerli həkim olan digər şəxs də ölüb.

Qeyd olunur ki, helikopter Tremiti adalarından havaya qalxıb. Turistlər ora hadisədən bir gün əvvəl gəliblər və əlverişsiz hava şəraiti səbəbindən həmin gün geri qayıda bilməyiblər. Qayıdış bir günlüyə ertələnib. Dənizdə hərəkətin qəliz olmasına görə ada xəstəxanasında növbəsini başa vuraraq evinə qayıdan həkim də helikopterə minməyi üstün tutub.

Qəzanın səbəbləri araşdırılır. Hadisə zamanı Tremiti bölgəsində tufan qopduğu da məlumdur./“Report”/