Şəhid Səbuhinin qardaşı Sənan Türkiyəyə köçür
    • 5-11-2022, 22:25
    • 1 704

Şəhid Səbuhinin qardaşı Sənan Türkiyəyə köçür

Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov Türkiyəyə köçür.

News24.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkədə bildirib.

O, bu gün iki sevindirici xəbər aldığını bildirib:

"Əslində həm sevindirici, həm də təəssüfləndirici xəbərdir. Birincisi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə uşaq evində böyüyən şəhidimiz gizir Səbuhi Əhmədov Fuad oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən ugrunda ” medalı  ilə təltif olundu.

İkincisi, şəhidimiz Səbuhinin qardaşı Sənana Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov gəmidə iş təklif edib, Sənan təklifi qəbul edərək dəyərləndirib və Türkiyəyə köçməyə qərar verib".

Elyar İslamoğlu qeyd edib ki, Sənan şəhid qardaşının yeganə ailə üzvü kimi ona "Şəhid ailə üzvü" statusu verilməsə, bu ölkədən gedəcəyini deyirdi: "Artıq arzusunu reallaşdıracaq. Getməsinə mane olmadım, qalması üçün nə vəd verim? Əvvəl fəhlə idi, yenə də fəhləliyinə davam edir.  Kimsəsiz şəhid qardaşını küsdürməyi bacardığı üçün aidiyyatı qurumları təbrik edirəm. Bizim qardaşlarımızdan kəsdiyiniz "status"ları, haqqı olduğu halda verilməyən orden-medalları müharibədə gizlənən məmur balalarına verərsiniz".