Xəstəliyi sağaltmaq yerinə çoxaldan KEYFİYYƏTSİZ DƏRMANLAR – Professordan HƏYƏCAN TƏBİLİ
    • 24-11-2022, 13:33
    • 1 280

Xəstəliyi sağaltmaq yerinə çoxaldan KEYFİYYƏTSİZ DƏRMANLAR – Professordan HƏYƏCAN TƏBİLİ

Son zamanlar vətəndaşlarımız tərəfindən dərmanların keyfiyyəti və qiyməti ilə bağlı redaksiyamıza şikayətlər daxil olur. Onlar istifadə etdikləri dərmanların heç bir işə yaramadığını iddia edirlər. 

Bəzi vətəndaşlar isə qeyd edirlər ki, bahalı dərmanlar alıb, sonda ucuz və təbii vasitələrlə sağlamlıqlarına qovuşurlar. Onu da nəzərə alaq ki, mövsümi xəstəliklər çoxaldığı üçün insanların dərman preparatlarına olan tələbatı artıb. 

Bəs, çıxış yolları nədir, hansı addımlar atılmalıdır?

Tibb elmləri doktoru Adil Qeybulla məsələ ilə bağlı News24.az-a danışıb.

Tibbi ekspert bildirib ki, dərman preparatlarının keyfiyyəti ilə bağlı çoxsaylı problemlər yaşanır: “Vətəndaşların şikayətinə baxsaq, görərik ki, əksəriyyət haqlıdır. Bəzi dərman preparatları “Avropa istehsalı” olmasına baxmayaraq, keyfiyyəti çox aşağıdır. Bunu biz də müşahidə edirik. Əlbəttə ki, bizim dərmanları yoxlamaq imkanımız yoxdur. Bunun üçün Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi mövcuddur. Azərbaycanda dərmanların keyfiyyəti ilə bağlı məsələlər uzun müddətdir danışılır. Xüsusilə, pandemiya dövründə bu məsələ qabardıldı. Ancaq bir həll yolu tapılmadı, problem aktual olaraq qalır”. 

Professor əlavə edib ki, dərman təhlükəsizliyi konsepsiyası milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olmalıdır: “Dərmanların dövlət reyestri, farmakapiyası yaradılmalıdır. Bu, ictimaiyyətə açıq olmalıdır. Dərman preparatlarının Azərbaycana hansı ölkədən daxil olması ilə bağlı ictimai məlumatlara ehtiyac var. Belə olan halda ictimai məsuliyyət formalaşacaq. Təəssüflər olsun ki, bu nüanslar nəzərə alınmadığı üçün müvafiq vəziyyət hökm sürür. Aidiyyəti dövlət orqanları bu məsələ ilə bağlı ciddi tədbirlər görməlidir”.