Tanınmış şair Rəşad Dağlıya şeir yazdı
    • 25-11-2022, 12:06
    • 3 741

Tanınmış şair Rəşad Dağlıya şeir yazdı

Tanınmış şair, yazıçı Salam Sarvan Rəşad Dağlıya şeir ithaf edib.

News24.az həmin şeiri təqdim edir:

Rəşad Dağlıya xitab

Detektiv deyiləm...
Amma bilirəm axı:
nağara dərisindəki barmaq izləriylə
tərəzidəki barmaq izləri eyni adamındı.

Bilirəm axı:
həqiqət axtarışı peşəkarlıq istər –
lap elə mina axtarışı kimi.

Ona görə də qaxılıb oturmuşam yerimdə naşı kimi...
Otaqda neçə vaxtdı yerindən tərpədilməyən
bir şkafın cırıltısıynan “darıxıram” pıçıldayıram hərdən.

Hərdən də lüt gəzən hindunun
qınaq dolu baxışlarımıza cavabı səslənir qulaqlarımda:
“Mənim bütün bədənim mənim sifətimdi”.

Sənsə narahat olma, şair,
heç kəsin evi yıxılmır, əslində,
sadəcə, dekorasiya dəyişdirilir...
Axı biz tamaşa zalındayıq –
görmürsənmi işıqlar söndürülüb?!

Mən də ağlım kəsəndən içəridəyəm elə...
Məhbəsin dama-dama barmaqlığında
xəyali fiqurlarla şahmat oynayarkən
vurulmuş piyadaları barmaqlığın çöl tərəfinə də düzə bilərəm,
amma bilirəm axı, bir də oynamaq istəyəcəm.

Bilirəm axı cahan, onsuz da, dardı,
azadlıq yalnız “Azadlıq” sözü
meydana çaxanacan vardı...

Darıxanda bir anlıq
bayırda boy sırasıyla düzülmüş kütləviliklərə bax:
çəmənlik, zəmi, qamışlıq, qəbirastanlıq...

Və bir də Spartak üsyanından sonra
dirəklərə xaç şəklində mismarlanan qullar...
Öz oxu ətrafında fırlana-fırlana
azadlıq nəğməsi bağıran qapqara vallar.

Mənsə hələ də bilmirəm hansı daha yaxşıdı:
Aristotelin azadlığındakı gözqamaşdıran parıltı,
yoxsa Epikürün köləliyindəki təvazö?

Amma bilirəm axı:
dənizdən sahilə sıçrayan damcıların bəziləri
məhz bizim üst-başımızda quruyub yoxa çıxıb./Kulis.az/