“Bir gün keçməyib, artıq həm Ermənistan, həm də Rusiya TƏŞVİŞƏ DÜŞÜB” – Natiq Miri
    • 13-12-2022, 16:38
    • 477

“Bir gün keçməyib, artıq həm Ermənistan, həm də Rusiya TƏŞVİŞƏ DÜŞÜB” – Natiq Miri

“Azərbaycanın hədəfləri dövlət səviyyəsində elan olunan yaxın hədəflərdir. Fikrimcə, bu hədəflər yetərli deyil. Məqsəd təkcə Azərbaycanın faydalı qazıntıları ilə bağlı monitorinq aparmaq və ya Şuşa yolunda sülhməramlı kontingentin komandanı general-mayor Andrey Volkovu tələb etmək ola bilməz. Məqsəd daha böyük olmalıdır. Çünki Qarabağda əsas əngəl rus sülhməramlılarıdır. Ona görə də düşünürəm ki, bu yöndə konkret hədəflər olmalıdır ki, ən azından Azərbaycan Qarabağdakı problemləri rahatlıqla həll edə bilsin”. 

Bunu News24.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

O bildirib ki, aksiyanın keçirilməsi, bu yöndə düşünülməsi çox əhəmiyyətli və təsirlidir: “Çünki mülki şəxslərin qarşısında hər kəs zəifdir. Mülki şəxslərə qarşı hər hansı silahlı bir zor tətbiqi mümkün olan bir şey deyil. Vətəndaşlarımızın təhlükəsizliyi Azərbaycanın xüsusi təyinatlıları tərəfindən qorunur. Proses davamlı olduğu təqdirdə Azərbaycan istəyinə nail ola biləcək. Ancaq hesab edirəm ki, bütövlükdə bu yola nəzarət Azərbaycan ordusunun əlinə keçməlidir. Bir gün ötməyib, artıq həm Rusiya, həm də Ermənistan təşvişə düşüb. Arxamızca sürünmək məcburiyyətində qalıblar. Sərhəd bizim nəzarətimizdə olduğu təqdirdə terrorçu qrupların ərazidən çıxarılması və separatçı rejimin ləğvi texniki məsələlərdir”.