Azərbaycanlı ifaçı İngiltərədə vokal studiyası açdı
    • 12-01-2023, 12:22
    • 269

Azərbaycanlı ifaçı İngiltərədə vokal studiyası açdı

Azərbaycanlı ifaçı, prezident təqaüdçüsü Emin Eminzadə İngiltərədə “EMİNZADA” vokal studiyası açıb və yeni albom buraxmağa hazırlaşır.
 
News24.az xəbər verir ki, o, tələbələrini əsasən Azərbaycan xalq, klassik və müasir musiqi ilə tanış edir.

Qeyd edək ki, Emin 2020-ci ildə Londonun nüfuzlu universitetlərindən olan Britaniya və İrlandiya Müasir Musiqi İnstitutuna daxil olub və onu fərqlənmə diplomu ilə bitirib. Artıq iki ildir ki, musiqi karyerasını orada davam etdirir, mahnılar yazdırır, layihələr üzərində işləyir və Azərbaycan musiqisini təbliğ edir.

Emin bildirib ki, vokal studiyası yaratmaq onun çoxdankı arzusu olub: "Bu ideya məndə çoxdan var idi, lakin təhsilim və işimlə bağlı qrafikim sıx olduğundan bu istəyimi həyata keçirə bilmirdim. Nəhayət, buna nail omuşam. Çox istəyirəm ki, musiqimiz bütün dünyada tanınsın və ifa olunsun. Bizim studiyada oxumaq istəyənlər çoxdur. Təcrübəmi və bilgilərimi onlarla bölüşürəm. Onların nəticələrindən razıyam. Studiyada tez-tez konsertlər təşkil edirik. Gələcəkdə bu yöndə ciddi planlarım var”, - deyə Eminzadə bildirib.

Emin bunlarla yanaşı fevralda işıq üzü görməsi nəzərdə tutulan yeni musiqi albomu üzərində də işləyir.

Xatırladaq ki, Emin Qazaxıstanda keçirilən "Qızıl mikrofon" müsabiqəsinin qalibi, İtaliyada keçirilən Elia Catalano və 2012-ci İspaniyada təşkil olunan Opus müsabiqələrinin iştirakçısı olub. Eləcə də, Bakıda məşhur İtaliya müğənnisi Robertino Loretti ilə eyni səhnəni bölüşüb. O, italiyalı sənətmi ilə "Jamayka" və "O Sole Mio" kompozisiyasını səsləndirib. Dünya şöhrətli ulduz bu ifadan sonra Eminzadəni "Azərbaycanın Robertinosu" adlandırıb.

O, hətta ABŞ-da tələbə mübadiləsi proqramı üzrə təhsil almaq üçün təqaüd qazanmağa müvəffəq olub və Texasda təhsil alıb. Emin Eminzadə daha sonra Amerika Musiqi və Dram Akademiyasına daxil olub və oranı bitirib. Hazırda gənc müğənni Azərbaycanda, Türkiyə və ABŞ-da karyerasını davam etdirir. Müğənninin adı "Azərbaycanın gənc ifaçılarının qızıl kitabı"na düşüb.