BMT-ni maliyyə çöküşü gözləyir - Quterreşdən xəbərdarlıq
Dünya
Birləşmiş Millətlər Təşkilatı (BMT) maliyyə böhranı ilə üzləşə bilər.
News24.az xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş üzv dövlətlərə ünvanladığı məktubda bildirib ki, üzvlük haqları tam və vaxtında ödənilməzsə, təşkilatın cari əməliyyat büdcəsi iyul ayına qədər tükənə bilər. Bu isə BMT-nin fəaliyyətinə ciddi təsir göstərəcək.
Onun sözlərinə görə, ya bütün 193 üzv ölkə maliyyə öhdəliklərini yerinə yetirməli, ya da maliyyə çöküşünün qarşısını almaq üçün mövcud qaydalar köklü şəkildə dəyişdirilməlidir.
Reuters agentliyinin yaydığı məlumata əsasən, maliyyə çətinliklərinin əsas səbəblərindən biri ən böyük donor ölkələrdən olan Amerika Birləşmiş Ştatlarının BMT-yə məcburi üzvlük haqlarını ödəməməsidir. Məlumata görə, ABŞ-ın BMT qarşısında təxminən 2,196 milyard dollar borcu var.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl BMT-ni potensialından səmərəli istifadə etməməkdə tənqid edib. Onun administrasiyası Ümumdünya Səhiyyə Təşkilatı və UNESCO daxil olmaqla bir sıra beynəlxalq qurumlardan çıxıb və bir çox təşkilatın maliyyələşdirilməsini dayandırıb.(Unikal)