İndoneziyada torpaq sürüşməsi: ölənlərin sayı 70-ə yüksəldi
Dünya
İndoneziyanın Qərbi Yava əyalətində baş verən güclü torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.
News24.az xəbər verir ki, Çisarua rayonunun Pasirlanqu kəndində yanvarın 24-də qeydə alınan hadisədən sonra axtarış-xilasetmə əməliyyatları davam edir. İşlərə ağır texnika, təxminən 800 xilasedici və xüsusi təlim keçmiş axtarış itləri cəlb olunub.
Bandunq Axtarış və Xilasetmə İdarəsinin rəhbəri Ade Dian Permana bildirib ki, fəlakət zamanı ümumilikdə 158 nəfər zərər çəkib, 78 nəfər xilas edilib, 10 nəfərin isə hələ də dağıntılar altında qaldığı ehtimal olunur. Yeni sürüşmə riskinə qarşı təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd olunur ki, günlərlə davam edən şiddətli yağışlar sürüşməyə səbəb olub. Zərərçəkən ərazilərdən 230-a yaxın sakin müvəqqəti sığınacaqlara təxliyə edilib, bəzi yaşayış məntəqələrinin isə tamamilə torpaq altında qaldığı bildirilir.(Unikal)