Türkiyə ilə Rusiya arasında - BÖYÜK MALİYYƏ QALMAQALI? - RƏYLƏR+VİDEO
Türkiyə bankları Rusiyanın maliyyə institutları ilə əməkdaşlıqdan imtina etməyə başlayıb.
RTV xəbər verir ki, bu barədə yazı Rusiya mətbuatında dərc olunub.
Məqalədə bildirilir ki, analoji vəziyyət bir müddət əvvəldən yaransa da, 2023-cü ilin dekabrında daha da pisləşib. Bu vəziyyət özünü daha çox xarici ticarət hesablaşmalarında göstərib.
Bu istiqamətdə ilk addım kimi Rusiyada fəaliyyət göstərən bankların Türkiyədəki müxbir hesabları bağlanıb. Qərar daha çox anti-Rusiya sanksiyaları ilə izah edilir.
Rusiya bankları üçün yaranmış məhdudiyyətlər arasında hesab açılmasından imtina və hər iki tərəfə pul köçürmələrinin mümkünsüzlüyü yer alıb. 2024-cü ilin əvvəlindən isə Türkiyədən məhsul və xidmətlərin onlayn sifarişi mümkünsüz olub.
Rusiya rəsmi Ankaranı yaranmış problemlə bağlı məlumatlandırıb. Buna cavab olaraq vəziyyətin yaxın vaxtlarda araşdırılacağı bildirilib.
Siyasi şərhçi Oleq Kuznetsov hesab edir ki, belə bir qərarın qəbul edilməsi Avropanın siyasi təzyiqlərinin nəticəsidir. Onun sözlərinə görə, hazırda Türkiyənin milli valyutası olan lirənin məzənnəsi tarixi minimuma enib. Rəsmi Ankara isə öz milli valyutasını, daha dəqiq iqtisadiyyatını qorumağa çalışır:
Oleq Kuznetsov – siyasi şərhçi

“Sözsüz ki, Türkiyə bankları təzyiq altında belə edir. Bu addım Türkiyə hökumətinin razılığı ilə atılıb. Prezident Ərdoğan indi ABŞ və Avropanın istəkləri ilə hesablaşmağa məcburdur. Lirənin dəyər itirməsi fonunda iqtisadi tempi saxlamaq üçün belə bir addımın atılması aktuallaşıb. Lirənin dəyərini saxlamaq üçün Türkiyənin kənar dəstəyə ehtiyacı var. Dəstəyi isə o ABŞ və Çindən alır. Çin isə İranla münasibətləri səbəbindən Türkiyə ilə toqquşmaq istəmir. Buna görə də Ərdoğan banklara Rusiya ilə əməkdaşlığı dayandırmağı tapşırıb. Bu addım daha çox Türkiyənin maliyyə sisteminə təsir edəcək. Türkiyənin Rusiyaya və ya əksinə göndərilən mallara görə pulların ödənilməsi üçün yollar axtarılması məsələsi ortaya çıxacaq. Yaranmış vəziyyət ilk növbədə Türkiyənin bank sektoruna təsir edəcək. Çünki Rusiya Türkiyədən aldığından daha çox bu ölkəyə çatır. Bizim əlimizdə isə bank hesablaşmaları üçün çox sayda üsul var. Hesab edirəm ki, bu qərar daha çox Türkiyəyə təsir edəcək”.
Türkiyəli siyasi şərhçi İsmail Cingöz düşünür ki, ölkəsinin istər ABŞ-nin, istərsə də Qərbin sanksiyalarından çəkindiyini düşünmək doğru deyil. Başqa bir məqam isə ondan ibarətdir ki, rəsmi Vaşinqton Türkiyəyə məhdudiyyət tətbiq edə bilməz. Çünki...
İsmail Cingöz – siyasi şərhçi

“Çünki Türkiyə NATO üzvü olan ölkədir. Türkiyəyə beynəlxalq hüquq cəhətdən sanskiya tətbiqi üçün onun günahkar olması sübut edilməlidir. Son zamanlar bu ölkə Rusiya ilə mükəmməl balanslaşmış siyasət yürüdür. Türkiyə tərəfi ABŞ və NATO başla ölkələrin qərarlara tabe olmayıb. Buna siyasi mənfəət imkan verməyib. Ölkəmiz hazırda NATO-nun istəklərindən kənar hərəkət edir. Bu xəbər doğrudursa, deməli ABŞ öz məsuliyyətini gizlətmək niyyətindədir. Türkiyə rahatlıqla qurban verilə biləcək ölkə deyil. Türkiyə və Azərbaycan dünya ticarətinin kəsişmə nöqtəsidir. Bu dövlət siyasi mənfəəti naminə ABŞ və NATO-nun Rusiya başda olmaqla, bəzi qərarlarına tabe olmayıb. Xəbər doğrudursa, ABŞ öz günahını pərdələmək niyyətindədir. ABŞ bu addımı siyasi məqsədlə ata bilər, amma uğur qazana bilməz”.
O ki qaldı bu addımın Türkiyənin maliyyə sektoruna təsirinə, Cingöz bunu istisna edir. Onun qənaətincə, ölkəsi tərəfdaşları ilə ticari-iqtisadi əlaqələri getdikcə daha da möhkəmləndirmək istiqamətində əməli addımlar atır. Bu addımlardan biri rəsmi Ankaranın nəhəng beynəlxalq iqtisadi layihələrdə bilavasitə iştirakıdır.
Fərid Azəri