Polisi vurub yerə yıxdı, havaya atəş açdı – CİNAYƏT İŞİ
    • 26-02-2020, 12:46
    • 902

Polisi vurub yerə yıxdı, havaya atəş açdı – CİNAYƏT İŞİ

Keçən ilin iyul ayında Goranboyda polis və bir qrup vətəndaş arasında baş vermiş insidentlə bağlı açılmış daha bir cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, Əmrahov Lətif Xəzər oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma), 228.1 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 232.2.4 (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə açılan işin materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Nural Əliyevin sədrliyi ilə baxılacaq. Hazırlıq iclası martın 5-də keçiriləcək.

Məlumata görə, L.Əmrahovun vurduğu polis əməkdaşı Kərimov Vüsal Əlöysəd oğlu barəsində açılmış ayrıca cinayət işinin materialları daha əvvəl məhkəməyə göndərilib. Hadisəyə gəlincə, Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, iyulun 12-də gecə saat 23 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində xidmət aparan Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov avtomobilin yolun kənarındakı maneəyə çırpılması ilə əlaqədar bir qrup şəxsin yol kənarında toplaşdıqlarını görüb səbəbini müəyyənləşdirmək məqsədi ilə onlara yaxınlaşıb. Bu zaman həmin şəxslərlə polis əməkdaşı arasında mübahisə yaranmış və onlardan biri - Qarapirimli kənd sakini Lətif Əmrahov polis əməkdaşına qəfil zərbə endirərək onu yerə yıxıb. Asayiş keçikçisi üzərində olan xidməti silahdan havaya xəbərdarlıq atəşi açarkən güllə L.Əmrahovun əmisi oğlu Təbriz Əmrahova dəyib. Bundan sonra Təbrizin qardaşı Pərviz Əmrahov silahı polis əməkdaşının əlindən alaraq küpü ilə onun baş nahiyəsindən çoxsaylı zərbələr endirərək ağır xəsarət yetirib.

Xəsarət almış polis əməkdaşı və vətəndaş T.Əmrahov Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanmış, polis və prokurorluq əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İş üzrə zəruri ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilərək maddi sübutlar götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

 
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun məsul əməkdaşları Goranboy rayonuna ezam olunmuşlar.

Cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılmış və hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, eləcə də iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.