Bakıda 1 nəfərin öldüyü, 30 nəfərin yaralandığı hadisədən YENİ XƏBƏR
    • 14-02-2020, 12:06
    • 1 138

Bakıda 1 nəfərin öldüyü, 30 nəfərin yaralandığı hadisədən YENİ XƏBƏR

2018-ci ildə Bakı-Ələt magistralında yuxulu vəziyyətdə ağır yol qəzası törətmiş şəxs Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci, yəni, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Əliyev Rövşən İsa oğlu barəsindəki işin yenidən araşdırılmasını və hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, cinayət işi üzrə 32 nəfər zərərçəkən şəxs qismində tanınıb. Belə ki, 2018-ci il iyulun 12-də Bakı-Qazax yolunun Qaradağ rayonu hissəsində saat 08 radələrində Əliyev Rövşən İsa oğlu “Mersedes Benz” markalı, 90-OJ-802 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Qaradağ rayonu ərazisində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla sükan arxasında yuxulayaraq eyni istiqamətdə hərəkətdə olan Babayev Calal Əjdər oğlunun idarə etdiyi “Deltabus” markalı, 10-TF-383 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu arxadan vurub. Nəticədə avtobusda olan sərnişinlərdən Gülmalıyeva Nəzakət Alxas qızı hadisə yerində ölüb, 30-a yaxın digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.

R.Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub.