3 qram çəkisi var, amma... - Dünyada ilk
Maraqlı
“SanDisk” şirkəti “Extreme Fit USB-C” adlı yeni flaş yaddaşını təqdim edib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət bu modeli dünyanın ən kompakt 1 terabayt həcmli flaş yaddaşı adlandırıb.
Cihaz cəmi 3 qram ağırlığındadır və 18,5 × 15,7 × 13,6 mm ölçülərə malikdir. Bu xüsusiyyətlər sayəsində onu noutbuk və ya planşetə daimi qoşulu saxlamaq, həmçinin daşınma zamanı maneəsiz istifadə etmək mümkündür.
Yeni model əsasən “MacBook Air”, “MacBook Pro” və USB-C portlu “iPad” istifadəçiləri üçün nəzərdə tutulub. Avadanlıq USB 3.2 Gen 1 interfeysi ilə 400 MB/s-ə qədər oxuma sürəti təmin edir.
“Extreme Fit USB-C” seriyası 64 GB-dan 1 TB-a qədər yaddaş tutumlarında təqdim olunur. O, həmçinin “SanDisk Memory Zone” tətbiqi vasitəsilə faylların idarə olunması və ehtiyat nüsxələrin çıxarılmasını dəstəkləyir.
Yeni flaş yaddaş “Windows 10+”, “macOS 12+” və “iPadOS 15+” əməliyyat sistemləri ilə uyğundur.
ABŞ-də məhsulun satış qiyməti 119,99 dollar təşkil edir. Qiymətə beş illik zəmanət daxildir.