Mixək, sarıkök, zəfəran… Ekspert işbazları ifşa etdi – Alarkən diqqətli olun!
Sağlamlıq
Son illər bazarlarda və mağazalarda satılan ədviyyatların dadı, ətri və ümumi keyfiyyəti ilə bağlı istehlakçı narazılığı artmaqdadır. Xüsusilə gündəlik mətbəxdə geniş istifadə olunan mixək, sarıkök, zəfəran kimi məhsulların əvvəlki illərlə müqayisədə ətir və rəng intensivliyinin zəifləməsi alıcılar arasında suallar doğurur. Bir vaxtlar az miqdarı ilə yeməklərə zəng dad və ətir qatan bu ədviyyatların indi daha sönük təsir bağışlaması onların saxlanma şəraiti, qablaşdırılması, eləcə də emal prosesi ilə bağlı problemləri gündəmə gətirir.
Mövzu ilə bağlı News24.az-a açıqlama verən qida məsələləri üzrə ekspert Ağa Salamov bildirib ki, mixəyi saxtalaşdırmaq çətindir:

“Amma nəzərə alsaq ki, 21-ci əsrdə, dördüncü sənaye inqilabı dövründə yaşayırıq, yəqin ki, işbazlar üçün bu da mümkündür. Açıqda satılan ədviyyatları almaq düzgün deyil. Məsələn, açıqda satılan mixək və ya qablaşdırılmasında deşiklər olan, hava keçirən məhsullar risklidir. Mixək efir yağı ilə zəngin ədviyyatlardan biridir və əslində tam qapalı, vakumlu şəkildə satılmalıdır. Vakumlu qablaşdırma daha məqsədəuyğundur, amma normal qablaşdırma da kifayət edir ki, onun efir yağı uçmasın, rəngi və qoxusu itməsin. Amma bəzən görürük ki, mixəklər açıq şəraitdə satılır və ya qablaşdırmaya qoyulur ki, “stepper” dediyimiz, deşikli olur. Bu halda məhsul hava və oksigenlə təmasda qalır. Nəticədə keyfiyyəti günü-gündən aşağı düşür, rəngi və qoxusu dəyişir və nəticədə keyfiyyətsiz məhsul ortaya çıxır".

Zəfərana gəldikdə isə ekspert vurğulayıb ki, zəfəran qarğıdalı və ya soğan saçağı deyil:
"Amma bəzən işbazlar bu saçaqları götürüb qida boyası ilə, məsələn qırmızı rəngə boyayaraq zəfəran adı ilə satırlar. Bu cür zəfəranlar ucuz olur. Əsl zəfəran isə xüsusi, spesifik qoxuya malikdir və suya salındıqda sarımtıla çalan rəng verir. Keyfiyyətsiz zəfəran isə suya salınanda daha çox qırmızı rəng buraxır. Yəni zəfəran qırmızı görünsə də, suda sarı tonlar üstünlük təşkil etməlidir. Bu, plov və milli mətbəximizdə, aş hazırlayarkən də aydın görünür.
Ona görə də zəfəran alarkən çox diqqətli olmaq lazımdır. İndi elə bir dövrdə yaşayırıq ki, demək olar, hər şeyə boya vururlar. Turşularla bağlı bunu da gördük. Hətta turşulara belə rəng qatılır. İşbazların çox olduğu bir dövrdəyik və bu, normal olmasa da, artıq normallaşıb".

Ağa Salamov qeyd edib ki, istiot alarkən də ehtiyatlı olmaq lazımdır, çünki bəzi yerlərdə müəyyən maddələrin qatılması mümkündür:
"Təbii ki, bunu yalnız laborator analizlə dəqiqliklə müəyyən etmək olar. Bəzən istiotu alırsınız, amma çox acı olmur, halbuki istiot acı olmalıdır. Bəzi yerlərdə istiotu əl dəyirmanı ilə üyüdüb satırlar. Mən isə tövsiyə edirəm ki, ya evdə blender vasitəsilə, ya da əl dəyirmanı ilə dən istiot alıb özünüz üyüdəsiniz.
İstiotun tərkibi yağlıdır, efir yağı var. Onun yağı qurumasın, qoxusu itirməsin deyə mütləq qapalı qabda saxlanmalıdır. Açıqda satılan istiotları almaq olmaz, çünki artıq yağı qurumuş olur, keyfiyyəti itir, rəngi solur. Əsl, keyfiyyətli dən istiot tünd rəngli olur, yağlılığı hiss olunur. Əlinizlə sıxanda bir az sərt gəlir, amma əzdikdə görürsünüz ki, tərkibində yağ var. Əsl istiotu məhz blenderdə və ya həvəngdə əzdikdə onun keyfiyyəti açılır".

"Sarıkök məsələsinə gəldikdə isə mən dəfələrlə demişəm ki, onun qurusunu, kök halında olanını alın və evdə özünüz üyüdün. Əvvəllər belə idi. Nənələrimizin evlərində demək olar ki, həvəng dəstələri var idi. İndi isə bu həvənglərin çoxu muzeylərdə qorunur, evlərdə isə nadir hallarda rast gəlinir. Halbuki həvəng dəstəsində üyüdülən ədviyyat evə tam fərqli ətir və qoxu yayırdı. Məsələn, cirəni qoğala qatanda o qoxu bütün evi bürüyürdü. Novruz bayramı ərəfəsində hər evdən həvəng dəstəsinin səsi gəlirdi və o an bayramın əsl ab-havası hiss olunurdu. Mən bunları uşaq vaxtı görmüşəm və həmin qoxu hələ də burnumdan getmir.

İndi isə nə edirik? Cirənin, istiotu və sarıkökü toz halında alırıq və sonra şikayət edirik ki, keyfiyyət yoxdur. Əslində isə işbazlıqlar məhz emal prosesi ilə bağlıdır. Dırnaqarası “emal” edilən məhsullara hər cür müdaxilə edilir və nəticədə istehlakçının dad və qoxu duyğuları pozulur", - deyə mütəxəssis qeyd edib.