"Əsas odur, ölkəmizin adı Hollivud, Bollivud, hər yerdə səslənsin" - RUHİ ƏLİYEVA - VİDEOMÜSAHİBƏ - FOTOLAR
    • 5-03-2020, 13:41
    • 4 746

"Əsas odur, ölkəmizin adı Hollivud, Bollivud, hər yerdə səslənsin" - RUHİ ƏLİYEVA - VİDEOMÜSAHİBƏ - FOTOLAR

Martın 7-də iş xanımı Ruhi Əliyevanın təşəbbüsü ilə Türkiyədə "Liatris Yapım"ın ərsəyə gətirdiyi və məşhur aktyor Onur Tuna ilə aktrisa Tuvana Türkayın rol aldığı "Ağır Romantik" filminin Bakıda təqdimatı keçiriləcəkAmma bundan öncə R. Əliyeva filmin pərdə arxası məqamlarından, Türkiyədə baş tutan qala gecəsindən News24.az-a danışıb.

- İstanbulda baş tutan “Ağır romantik” filminin qala-gecəsinə qatılmışdınız. Həmin günlə bağlı təəssüratınız necədir? 

- Qala gecəsi çox maraqlı və gözəl keçdi. Bilirsiniz ki, kinonu ilk dəfə sizinlə, yəni News24.az-la birgə izlədik. Amma İstanbulda qalada filmi sanki ilk dəfə izləyirmiş kimi çox həyəcanla baxdım. Hətta qalaya gedəndə belə çox gərgin idim. Amma şükür, hər şey gözlədiyimiz kimi uğurlu oldu. İnşaallah, burda da “Ağır romantik” böyük maraqla, alqışla qarşılanar.  

- Siz Türkiyə kino sahəsinə yatırım qoyan yeganə azərbaycanlısınız. Çox məsuliyyətli bir işə qol qoymusunuz... 

- Hə. Doğrudur. Türkiyə kino sektorunda adı çəkilən ilk azərbaycanlıyam. Təbii ki, bu, qürurvericidir. Mən də sonradan bunun fərqinə vardım. Filmin sonunda titrdə öz adımı- yəni yaradıcı Ruhiyyə Əliyeva sözlərini görəndə necə bir işə qol qoyduğumu daha yaxşı anladım (gülür).  Onda bir daha əmin oldum ki, bəli, çox düzgün addım atmışam. Çünki bu, Azərbaycan mədəniyyətinin başucalığıdır. Məncə, bu ekran işi film sahəsində bir imzamız olacaq.    

- Ruhi Əliyevanın adı indiyədək daha çox sosial layihələrlə çəkilirdi. Bəs, film sektoruna daxil olmaq təşəbbüsü hardan qaynaqlandı? 

- Əslində, o sektorda olmağı çoxdan arzu edirdim. Xüsusilə, Azərbaycanla bağlı böyük, əhəmiyyətli tarixi bir ekran əsərini ərsəyə gətirməyi çox istəyirdim. Elə indi də o arzudayam, sadəcə, hələlik bununla bağlı qərar verə bilməmişəm. Doğrusunu deyim, aktyor heyətini seçməkdə çətinlik çəkirəm. Bizdə orta və yaşlı nəslin nümayəndələri çox möhtəşəmdirlər, peşəkardırlar, onlara söz ola bilməz. Amma gənc aktyorlarımızı nədənsə hələ ki, sevə bilmirəm.  Düzdür, gözəl gənc bəy və xanım aktyorlarımız, aktrisalarımız var. Amma təssüf ki, onlar öz üzərlərində  yetərli qədər çalışmırlar. Gözəl xanımlar ancaq öz gözəlliyini nümayış etdirirlər. Əgər sən əsl aktrisa olmaq istəyirsənsə, ortaya ancaq vizual görüntü qoymamalısan. Bununla paralel aktrisalıq qabiliyətini, peşəkarlığını, işinə sevgini də nümayış etdirməlisən. Bir məqama da toxunum, nədənsə biz müəyyən çərçivədən çıxa bilmirik. Uşaqlarımızı incəsənət sahəsinə yönləndirməkdən çəkinirik.  Düzdür, dilimiz, dinimiz, mentalitetimiz var və onlara riayət eləməliyik, amma yeniliklər eləməkdə də fayda var. Övladımız istedadlıdırsa, ona əngəl olmamalıyıq. Bəlkə sizin övladınız gələcəkdə dünyanın məşhur müğənnisi, aktrisası, aktyoru, modeli olacaq. Biz bunlardan qaçmamalıyıq, əksinə, dəstək olmalıyıq. Əl-ələ verib kömək eləməliyik ki, istedadı olan qabiliyyətini nümayış etdirsin. Şəxsən mən elə istedadlı gəncə dəstək olaram. Çox təəssüf ki, bizdə model, müğənni, aktrisa deyəndə ağıla tamamilə başqa fikirlər gəlir, halbuki bunların hər biri çox maraqlı peşə, sənətdir. Yaşlı nəsildən olan sənətkarların ifasına dönə-dönə baxıram. Onların danışığı, manerası məni cəlb edir. Onlarda səmimiyyət, sevgi, hörmət hiss olunurdu, amma indi hər şey süniləşib. 
 
- Film sektoruna “Ağır romantik”lə daxil oldunuz. Gələcək üçün hansı planlarınız var? 

- Xocalıyla bağlı film ərsəyə gətirmək niyyətindəyəm.  Qısametrajlı olsa belə, bir film çəkmək istəyirəm. Bu, bizim tariximizdir, onu ekranlaşdırıb yaşatmalıyıq. Amma tək əldən səs çıxmaz. Yəni bunu hamılıqla eləməliyik. Təəssüf ki, bir çox məşhurlarımız hansısa bir layihədə iştirak etmək üçün maddi maraq qüdurlər, məbləğ tələb edirlər. Bu, belə olmamalıdır. Bir məqama da toxunum, bu filmlə bağlı çoxları mənə bir sual verir, "Niyə bu filmdə yalnız türk aktyorlarını çəkdiniz?" Mən hər zaman nə edirəmsə dövlətim, millətim üçün edirəm. Türkiyədə məni bir azərbaycanlı xanımı, azərbaycanlı qızı, sizin Ruhiniz kimi təqdim elədilər. Çünki filmin sonunda onun yaradıcısı kimi Ruhiyyə Əliyeva sözləri yazılıb. Bu isə o deməkdir ki, mən sizinəm. Sizin təmsilçiniz olaraq Türkiyədə bu addımı atmışam. Siz də bilirsiniz, mən bu filmdə çox sevdiyim məşhur Azərbaycan mahnısının səslənməsi üçün çox çalışdım, amma təəssüf ki, situasiyaya uyğun olmadığı üçün alınmadı. Deməyim odur ki, əzizlərim, bu, bir tarixdir. Bunun üçün biz bir-birimizi daşlamamalıyıq, əksinə, dəstək olmalıyıq. Gələcək üçün isə inşaallah uğurlu bir Azərbaycan filmi çəkərik. Orda rol alan ancaq bizim aktyorlar olar, inşaallah. Əsas odur ki, gözəl iş ortaya çıxarasan. İnsanlar ona baxanda mənəvi rahatlıq tapsınlar. Tamaşaçı bilet alıb kinoteatra gedirsə, ordan xoş təəssüratla çıxmalıdır. Desinlər ki, "nə gözəl filmdir, hər kəsə halal olsun". Bax, mən gördüyüm hər işdən sonra bu sözləri eşitmək istəyirəm. Əgər filmə bacarıqsız aktyor çəkdinsə, o ssenarini apar at. 
 
- “Ağır romantik”in aktyor heyətini özünüz seçmisiniz? 

- Bəli. Ən çox da Onur Tuna israrımla seçildi. Onun aktyorlugunu çox bəyənirəm. O, “Ağır romantik”də iki xarakterli obraz canlandırıb. Çox möhtəşəm oynayıb. Onurda böyük bacarıq və istedadın olduğunu hiss elədim. Hətta düşünürəm ki, o, çox gözəl tarixi obraz da canlandıra bilər. Onda o potensial, o əzəmət var. Bundan sonra da uğurları bol olsun. Tuvananı da özüm seçmişəm. Ümumiyyətlə, filmdə rol alan aktyorların demək olar ki, doxsan doqquz faizini mən seçmişəm.  

- Bu proses zamanı çətinliyiniz olub? 

- Əlbəttə. Bir çox çətinliyimiz oldu, amma çox şükürlər olsun bu sıxıntılara rəğmən, nəticədə möhtəşəm film ərsəyə gətirdik. Təəbii ki, orda bəyənmədiyim məqamları ssenaridən çıxardım, amma ümumilikdə film ürəyimcə oldu. Həm güldüm, həm də kövrəldim.  

- Filmin Türkiyədə izlənməsi yapımçı kimi sizi qane edirmi?  

- Bəli, normaldır. Türkiyədə ilk üç-dörd gün filmimiz lap gözəl baxıldı. Hətta bizdən öncə çıxan və “Ağır romantik”dən qat-qat çox sərmayə yatırılan, reklam olunan ekran işlərini arxada qoydu. Yəni həm  izləyici bolluğu, həm də peşəkarlıq baxımından bir çox işləri üstələdi. Hazırda da nümayış uğurla davam edir. Bu gündən film Azərbaycanda da start götürür. Düşünürəm ölkəmdə də bu film sevilərək izlənəcək.  

- Deyirlər, filmin qəhrəmanları Tuvana ilə Onurun arasından “qara pişik” keçib.... 

- (Gülür) Hə elə deyirlər. Amma mən İstanbulda baş tutan qalada heç bir narahatlıq,  inciklik hiss eləmədim. Orda onlar bir-birilərini öpüb, qucaqlayıb, təbrik elədilər. Amma mən də eşitmişəm ki, aylar öncə onlar arasında soyuqluq yaşanıb. Bu problem filimlə bağlı deyil. Bəlkə də bu, onların film üçün nəzərdə tutduğu qara piardır... Belə hallar ola bilər. Tuvana qalaya sistemdən çıxıb gəlmişdi, xəstəydi, qolları göm-göy idi. Bunlar nəzərə alınmalıydı, çünki insanın canı ağrayanda gözünə heç nə görünmür. Onura gəlincə, o, qalada hər kəsə sevgi, hörmətlə yanaşdı. İnsanlar bu deyilənləri bir az şişirtdilər. Əgər onlar arasında soyuqluq varsa, Azərbaycanda isti münasibət yaradıb onları barışdırarıq (gülür). 

- Son olaraq arzularınız... 

- İnşaallah ki, atdığımız addım uğurlu olar. Fərqi yoxdur, kimin adı qeyd olunub, kimin qeyd olunmayıb, əsas odur, ölkəmizin -Hollivud, Bollivud, hər yerdə səslənsin. Bayrağımızın hər yerdə ucaldılması bizim üçün qürurdur.  

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov