Qondarma rejimin vəzifəli şəxsləri - TUTULDU
Siyasət
2013-2023-cü illərdə Qarabağda fəaliyyət göstərən qondarma separatçı qurumun “xarici işlər naziri” və “prezidentin köməkçisi “vəzifələrində” işləmiş, 1973-cü ildə Xankəndidə anadan olmuş Babayan Davit Klimoviç və istintaqla 1965-ci ildə Azərbaycan Respublikasının Xocavənd rayonunda anadan olmaqla orada yaşamış, Ermənistan Respublikasının sabiq hərbi qulluqçusu, 2015-2018-ci illərdə qondarma rejimin “müdafiə naziri” vəzifəsində işləmiş, eləcə də, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmiş qanunsuz hərbi silahlı qrupun üzvü olan Mnatsakanyan Lyova Henrixi həbs olunublar.
Baş Prokurorluqdan News24.az-a bildirilib ki, sözü gedən şəxslərin həm 44 günlük Vətən müharibəsi dövründə, həm Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, əhalinini təhlükəsizliyini təmin olunması məqsədilə aparılan antiterror əməliyyatlarında qondarma qurumun digər “rəhbər vəzifəli şəxsləri” ilə cinayətkar birlik halında milli düşməçilik və nifrət aşılayan, terrorçu qruplaşmaların fəaliyyətini əlaqələndirən fəaliyyətlə məşğul olması müəyyən edilib.
O da qeyd olunub ki, Davit Babayanın 2020-ci il oktyabrın 17-də, Azərbaycan Respublikasının Gəncə şəhərinin müdafiə olunmayan və mülki əhalinin yaşadığı əraziləri, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonaları hədəfə almaqla, ballistik raketlərdən istifadə edib çoxsaylı mülki şəxslərin ümumi təhlükəli üsulla, xüsusi amansızlıqla, terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik zəminində qəsdən öldürülməsi və yaralanması ilə bağlı cinayətləri təşkil etməsinə əsaslı şübhələr aşkarlanıb.
Göstərilən faktlarla bağlı Davit Babayan və Lyova Mnatsakanyan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə istintaqa cəlb olunmaqla, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham elan edilib.
Hər iki şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarı icra olunaraq Dövlət Təhlükəsizliyi Xİdmətinin istintaq təcridxanasına etap olunublar.
Hazırda cinayət işləri üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.