Trampın oğlunun Ermənistan səfəri ləğv edildi
Dünya
ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Trampın noyabrın 12-də Ermənistana planlaşdırılan səfəri ləğv edilib.
News24.az “Hraparak”a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin keçmiş deputatı Arman Babacanyan özünün “Facebook” səhifəsində məlumat verib.
Mətbuatın yazdığına görə, səfər xüsusi xarakter daşıyıb və rəsmi hakimiyyətlə əlaqəli olmayıb. Buna baxmayaraq onun bəzi görüşləri planlaşdırılıb.
“Mənbəmizin məlumatına əsasən, Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanın məşhur amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədən sonra Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasındakı qarşıdurma xəbəri ABŞ-nin mühafizəkar dairələrində rezonans doğurub. Məlumatların həqiqiliyinə dair öz mənbələrindən təsdiq alan kiçik Donald Tramp Ermənistana səfərini və hökumət təmsilçiləri ilə görüşlərini ləğv etmək qərarına gəlib”, - deyə “Hraparak” qəzeti yazıb.