Bakı buxtasında Yelkənli Qayıq Yarışı keçiriləcək
    • 6-05-2019, 18:56
    • 910

Bakı buxtasında Yelkənli Qayıq Yarışı keçiriləcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Yelkənli İdman Federasiyasının (AYİF/SFA) və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  birgə təşkilatçılığı ilə 9-11 may tarixlərində Bakı buxtasında Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2019”) keçiriləcək.

ASCO-dan News24.az-a verilən məlumata görə, Regattanın ilk mərhələsi 9 may 2019-cu il saat 11:00-da Dənizkənarı Milli Parkda (Yaxt klub ərazisində) baş tutacaq. Həmin gün yelkənçilərin yarışına start veriləcək. Ümumilikdə 30 yelkənçinin iştirak edəcəyi yarışda idmançılar dörd sinif (“Optimist”, “Laser-standard”, “Laser 4.7” “Laser-radial”) üzrə mübarizə aparacaqlar.

Yarışa mayın 11-i yekun vurulacaq. Final günündə qaliblərin mükafatlandırılması ilə yanaşı, Dənizkənarı Milli Parkda müxtəlif əyləncəli proqramlar, oyunlar və viktorinalar  da təşkil olunacaq.

Dənizkənarı Milli Parka bayram əhval ruhiyyəsi gətirəcək Yelkənli Qayıq Yarışı (Baku Sailing Regatta-2019) əylənmək, yarışı izləmək, yelkənli qayıq idman növü ilə yaxından tanış olmaq üçün əsl fürsət olacaq.

Xatırladaq ki, Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta) ikinci ildir ki, təşkil olunur. Ötən il keçirilən Regatta həm paytaxt sakinlərinin, həm də turistlərin böyük marağına səbəb olmuşdu.