Qəbələdə Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində Məşvərət Şurası yaradılacaq
    • 5-09-2019, 10:18
    • 649

Qəbələdə Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində Məşvərət Şurası yaradılacaq

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində Məşvərət Şurasının yaradılması ilə bağlı görüş keçirilib. 

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, görüşdə Peşə Təhsili üzrə Dövlət Agentliyi, Kənd Təsərrüfatı İdarəsi, Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Xidməti, həmçinin 30-dan artıq özəl sektorun nümayəndələri iştirak ediblər. 

Görüşdə Qəbələ Peşə Təhsil Mərkəzi ilə regionda fəaliyyət göstərən özəl sektor arasında əməkdaşlığı gücləndirmək məqsədilə yaradılan Məşvərət Şurasının əsasnaməsi müzakirə olunaraq təsdiq edilib. 

Bildirilib ki, Şura ilk mərhələdə tədris planlarının razılaşdırılması, kurikulumlara baxılması və təkmilləşdirilməsi, tələbələrin qiymətləndirməsinin müəssisələr tərəfindən aparılması, karyera mərkəzinin, məktəbdə müəssisə guşələrinin yaradılması kimi fəaliyyətləri həyata keçirəcək.


Görüşdə ED VET layihəsi çərçivəsində kənd təsərrüfatı və turizm ixtisaslarının tədris planları nəzərdən keçirilib, üzvlərin iştirakı ilə razılaşdırılıb.

Qeyd edək ki, Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması (ED VET) layihəsi Avropa İttifaqı və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tərəfindən maliyyələşir.

Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın duala bənzər PTT yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq, əmək bazarına uyğunluğunu təmin etməkdir