Banklarda nə baş verir? - VİDEOREPORTAJ
    • 14-03-2020, 12:39
    • 1 306

Banklarda nə baş verir? - VİDEOREPORTAJ

Son günlər bankların qarşısında ciddi izdiham yaranıb. Hər kəs dollar almaq üçün növbədə durur. Hətta ölkədəki koronavirus qorxusu belə onları izdihamda olmaqdan çəkindirmir.

News24.az
xəbər verir ki, bəziləri dolların qiymətinin qalxacağı qorxusuyla səhər saatlarından uzun-uzadı növbələrdə dayanır, kimisi də rahatlıqla istədikləri məbləğı əldə edə bilir. Lakin vəziyyətin nə yerdə olduğunu daha dəqiq öyrənmək üçün paytaxtın bir sıra banklarına yollandıq. İlk olaraq "Rabitə bank"ın İçəri şəhər filialında olduq və ordaki vəziyyəti müşahidə elədik. Bankın rəsmisi kameramız qarşısına keçmək istəməsə də, bizi az-çox məlumatlandırdı. O, bildirdi ki, həftənin ilk iş günlərində vəziyyət bir o qədər də yaxşı deyildi. Daha dəqiq desək, növbənin ucu-bucağı görünmürdü. Daha sonra qeyd etdi ki, bu cür halların baş verməsi birbaşa qarabazarla bağlıdır. Çünki insanlarda panika yaranmışdı. Gün keçdikçə vəziyyət normallaşdı və istənilən şəxs limitindən aslı olmayaraq dollar əldə edə bildi.

Bank əməkdaşı onu da vurğulayıb ki, dollar alan hər bir müştərinin aldığı məbləğdən aslı olmayaraq kimliyi araşdırılır. Lakin sözügedən bankın Nəsimi filialı haqda ağız dolusu danımaq mümkün deyil. Saytımızın əməkdaşları küçədə valyuta məzənnəsini çəkmək istəyən məqamda qurumun direktor müavini buna əngəl oldu. Elçin adlı şəxs çəkiliş qrupunu apar-topar öz kabinetinə çağıraraq, sənəd tələb etdi. Bankın önündə, yəni küçədə çəkiliş eləməyə icazə verməyən direktor müavini ilk olaraq icazəni almaq üçün rəhbərə zəng etdi, daha sonra isə ictimaiyyətlə əlaqələr şöbəsini aradı. Lakin onun məsələyə hansı səbəbdən belə reaksiya verməsini açıqlamadı.  

Ünvanlandığımız növbəti bank isə "Ziraat bank"ın İçəri şəhər filialı oldu. Burda isə digər bankdan fərqli olaraq insan sıxlığı ilə rastlaşdıq. Sözügedən bankın rəsmisi bildirdi ki, hec bir ajiotaja əsas yoxdur: "Hər şey öz qaydasındadır, təşfişə heç bir əsas yoxdur. Dövlətimiz gərəkli bütün tədbirləri həyata keçirib. Mərkəzi Bank bütün bankları kifayət qədər vəsaitlə təmin edib. Yəni dollar alışı həyata keçirilir, heç kimə "yox" deyilmir. Müştərilər banka gəlib sıra götürərək, lazımi  qədər vəsait alırlar. Hər hansısa alışa və satışa məhdudiyyət yoxdur. Satışı limitsiz həyata keçiririk".

"NBC Bank"dan çıxan vətəndaşın cavabı isə bizi xeyli təəccübləndirdi: "Dollar almaq üçün "NBC Bank"a gəlmişdim, amma ala bilmədim. Dedilər, ancaq 100 ya da 200 dollar almaq mümkündür, ondan çox vermirlər. Mən isə limitsiz istəyirdim. “Kapital bank”a getdim orda isə dedilər aparatda problem var. Növbə yox idi".

Şəhərin ən iri banklarından hesab olunan "Kapital bank"da isə vəziyyət bir başqa idi. Bankdan çıxan şəhər sakinləri içəridə böyük növbənin olduğunun, hətta saatlarla növbədə dayandıqlarını dedilər. "Exspressbank"ın müştəriləri də vəziyyətin qənayətbəxş olduğunun və dollar alışında heç bir problemin olmadığını vurğulayıblar. 

Sevda Bayramova
VİDEO: Fərid Şabanov