Ana və körpə üçün ən vacib addım - Mütəxəssis açıqlayır
Sosial
"Hamiləlik müddətində ən önəmli və dəyişməz şərtlərdən biri isə müntəzəm tibbi nəzarətdir".
News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Sahilə Vəliyeva deyib.
Həkim bildirib ki, hər bir qadın bu dövrdə həkim nəzarətində olmaqla, ana və körpə həyatına yönəlik risklərin erkən mərhələdə aşkarlanması və qarşısının alınması imkanına malik olur:
"Tibbi nəzarət çərçivəsində ultrasəs müayinələri ilə dölün inkişafı mərhələli şəkildə izlənilir, qan və sidik analizləri vasitəsilə ananın sağlamlıq durumu qiymətləndirilir, infeksiyaların, şəkərli diabetin və qan azlığının qarşısı vaxtında alınır. Eyni zamanda, kardiotokoqrafiya (KTQ) müayinəsi ilə dölün ürək döyüntüləri və hərəkətləri izlənir, bu da doğuşa hazırlığın daha təhlükəsiz keçməsinə imkan verir. Bundan əlavə, doğuşa hazırlıq kursları vasitəsilə ana namizədlər tənəffüs texnikaları, doğuş zamanı tətbiq ediləcək üsullar və doğuşdan sonrakı əmizdirmə mərhələsi barədə ətraflı məlumatlandırılır".
"Hamiləlik dövrü sadəcə bioloji bir proses deyil, həmçinin gələcək nəsillərin sağlamlıq bünövrəsinin qoyulduğu mühüm bir dövrdür. Düzgün qidalanma, nizamlı fiziki fəaliyyət, psixoloji sabitlik və peşəkar tibbi nəzarət bir-biri ilə əlaqəli şəkildə işləməli, sistemli və davamlı şəkildə həyata keçirilməlidir. Sağlam ana, sağlam gələcəyin ən əsas zəmanətidir və hər sağlam körpə, cəmiyyətin sağlam inkişafına atılmış ən vacib addımlardan biridir. Bu səbəbdən də hamiləlik dövrünə verilən dəyər, əslində bütöv bir gələcəyə verilmiş dəyərdir", - deyə həkim qeyd edib.