Bakı sakinləri susuz qaldı - Səbəb

Bakı sakinləri susuz qaldı - Səbəb Sosial

Bakı şəhərinin Nizami rayonu sakinləri son bir neçə gündür içməli suyun verilişində ciddi çətinliklərlə üzləşirlər.

News24.az xəbər verir ki, problem əsasən Məmmədəli Şərifli və Əliağa Kürçaylı küçələrində daha qabarıq hiss olunur.

Sakinlərin sözlərinə görə, su gün ərzində fasilələrlə verilir. Səhər və axşam qısa müddət ərzində suyun verilməsi təmin olunsa da, daha sonra uzun müddət su kəsilir. Bu vəziyyət həm məişət işlərinin görülməsində, həm də gündəlik ehtiyacların ödənilməsində ciddi narahatlıq yaradır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən açıqlamada bildirilir ki, suyun verilişində yaranan məhdudiyyət texniki işlərlə bağlıdır:

“Hazırda göstərilən ünvanda tullantı su şəbəkəsinin yenilənməsi işləri aparılır. Bu işlər sistemi daha dayanıqlı etmək üçün vacibdir və bir neçə gün davam edəcəyi gözlənilir”.

"İlk günlərdə suyun verilişində problem olsa da, hazırda sakinlərin su təminatı ilə bağlı heç bir çətinlik yoxdur. Eyni zamanda görülən işlərin tezliklə tamamlanması üçün bütün resurslar səfərbər olunub", - deyə məlumatda bildirilib.