Bakıdakı tıxaca onlayn həll - Bunu etmək mümkün olacaqmı?
Sosial
Səhər işə və dərsə, axşam isə evinə tələsən, lakin tıxacda səbri sınan insanlar… Bu, Bakıda yaşayanların ortaq problemidir. Bu çətinliyi həm şəxsi nəqliyyat vasitələrindən, həm də ictimai nəqliyyatdan istifadə edənlər yaşayır. Xüsusilə yeni tədris ilinin başlanması və iş yerlərinin açılması ilə Bakının tıxac problemi daha da kəskinləşir. Vaxtaşırı bu problemin həlli istiqamətində müzakirələr aparılır və çıxış yolları irəli sürülür. Həll yollarından biri də ali və orta məktəblərdə dərslərin müəyyən hissəsinin onlayn formada keçirilməsidir. COVID19 pandemiyası dövründə bu praktika tətbiq edilsə də, sonradan məktəblər və universitetlər tamamilə ənənəvi tədris formalarına qayıtdı. Hazırda tıxac fonunda dərslərin müəyyən qisminin onlayn formatda təşkili müzakirə olunur, lakin tətbiqinə dair konkret qərar yoxdur.
Mövzu ilə bağlı News24.az-a açıqlama verən təhsil üzrə ekspert Elmin Nuri bildirib ki, məktəblərdə humanitar yönümlü fənlərin distant formada təşkili praktik baxımdan mümkün deyil:
“Qanunvericilik baxımından Azərbaycanda ali təhsildə yalnız iki tədris forması mövcuddur – əyani və qiyabi. Orta ümumtəhsil səviyyəsində isə hələlik yalnız ənənəvi tədris forması qanuniləşdirilib. Distant təhsil yalnız fövqəladə hallarda müvəqqəti tətbiq olunur və pandemiya dövründən sonra cəmi bir neçə məktəbi əhatə etmişdi. Bu isə göstərir ki, qanunvericilik distant təhsilin geniş tətbiqini təsdiqləmir".
Ekspert əlavə edib ki, pedaqoji baxımdan fənləri distant və ya ənənəvi formada ayırmaq düzgün deyil:
“Bütün fənlər şagirdlərin şəxsiyyət və intellektual inkişafı üçün zəruri olan məzmunun ayrılmaz hissəsidir. Fənləri "vacib" və "qeyri-vacib" kimi qruplaşdırmaq təhsil prinsiplərinə ziddir. Fizika, kimya, riyaziyyat, həmçinin tarix və ədəbiyyat kimi fənlər şagirdlərin şəxsiyyətyönümlü inkişafında böyük rol oynayır. Bu cür təkliflər həm müəllimlərə hörmətsizlik kimi qəbul edilə, həm də təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər".
Elm və Təhsil Nazirliyindən bildirilib ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 avqust tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili Qaydaları”na əsasən, ümumi təhsil pilləsi üzrə yalnız əyani və sərbəst (eksternat) təhsil formaları tətbiq edilə bilər:
“Sözügedən istiqamətdə qanunvericilikdə dəyişiklik edilməsi hazırda müzakirə mövzusu deyil".