Debet kartınız mənfi göstərə bilər – Səbəbini bilirsiniz?

Debet kartınız mənfi göstərə bilər – Səbəbini bilirsiniz? Sosial

"Facebook" platformasında yayılan məlumata görə, vətəndaş ABB bankına məxsus debet kartından məbləğ olmadığı halda "Yango" tətbiqindən pul çıxıldığını iddia edib. Paylaşımda kartın məbləği mənfi göstərilib.

Maraqlıdır, debet kartı mənfi məbləğə düşə bilərmi? Eyni zamanda, debet kartında mənfi məbləğ hansı hallarda görünə bilər?

Məsələ ilə bağlı News24.az-a açıqlama verən bank eksperti Əkrəm Həsənov bildirib ki, debet kartında mənfi məbləğ göstərilə bilər:

Bank eksperti Əkrəm Həsənov

"Əgər debet kartında məbləğ mənfi göstərilirsə, o zaman bu kart kreditləşdirilmiş sayılır. İlk növbədə, müştəri ilə bank arasında olan müqaviləyə diqqət etmək lazımdır. Belə ki, müqavilədə kartda vəsait olmadığı halda müəyyən məbləğə qədər kredit verilməsi qeyd oluna bilər. Yəni bank bu halı əvvəlcədən öhdəlik kimi götürür. Təbii ki, belə olan halda debet kartında mənfi məbləği görmək mümkündür. Məhz bu səbəbdən vətəndaşlar bankla müqavilə bağlayan zaman diqqət etməlidirlər".

Məsələ ilə bağlı Azərbaycan Beynəlxalq Bankından (ABB) isə bildirildi ki, ABB müştərisi "Yango"nun taksi xidmətindən istifadə edib və debet kartı hesabında pul olmadığı halda hesabda mənfi yaranıb: "Bu hal ABB-nin deyil, müvafiq xidmətin ödəniş sistemində yaranmış müvəqqəti texniki nasazlıqla bağlı olub. Müştərinin əlavə ödənişinin geri qaytarılması üçün ABB müvafiq tədbirlər həyata keçirib və problemin həllinə kömək göstərilib".