İranın quraqlıq fəlakəti bölgəni silkələdi: Azərbaycan üçün də təhlükə yaxınlaşır?
Sosial
İranda quraqlıq böhranı və paytaxt sakinlərinin təxliyəsi artıq regional təhlükəsizlik mövzusuna çevrilib. Bir ölkənin paytaxtının susuzluq səbəbilə boşaldılması illərlə ehtimal kimi görünən, amma heç vaxt reallıq olacağı düşünülməyən bir ssenarinin indi gerçəkləşdiyini göstərir. Bu hadisə təkcə İranın yox, bütün bölgənin gələcəyi haqqında ciddi suallar doğurur.
Hələ ötən ilin aprelində Azərbaycan Kosmik Agentliyinin İdarə Heyətinin sədri Saməddin Əsədov bildirmişdi ki, Azərbaycan ərazisinin 15 faizində quraqlıq risqi var. Xüsusilə ölkə ərazisində Gəncə-Daşkəsən zonasında quraqlıq risqi daha yüksəkdir.
Maraqlıdır, belə bir təhlükə Azərbaycanda da real ssenariyə çevrilə bilərmi?
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov News24.az-a açıqlamasında bildirib ki, su qıtlığı bütün dünyada sürətlə dərinləşən problemlərdən biridir:
"Böhranın əsas səbəblərindən biri iqlim dəyişmələri ilə bağlı okeanlardan quruya hərəkət edən hava axınlarının zəifləməsidir. Bu proses temperaturun yüksəlməsinə, atmosfer yağıntılarının azalmasına, torpağın suya olan tələbatının artmasına səbəb olur ki, nəticədə su ehtiyatları getdikcə tükənir. Əhalinin sayının artması da problemi ağırlaşdıran amildir. Əhali artır, ərzağa tələbat çoxalır. Ərzağın böyük hissəsi isə su texnologiyaları ilə istehsal olunduğundan təzyiq ikiqat yüksəlir”.
Ekspert İran və digər Asiya ölkələrində vəziyyətin daha kəskin olmasının əsas səbəbi kimi zəif su idarəçiliyini göstərib:
“Bu ölkələrdə sudan istifadəyə nəzarət çox aşağı səviyyədədir. İsrafçılıq geniş yayılıb. Tehran uzun illərdir su qıtlığı riskinin birbaşa təsiri altında yaşayan şəhərlərdən biridir. Bakı üçün də vəziyyət ideal deyil. Paytaxt su ilə əsasən kənardan gətirilən resurslar hesabına təmin olunur. Əvvəllər bu səbəbdən çox ciddi problemlər yaşanıb. Hazırda risk azaldılıb, amma təhlükə tam aradan qalxmayıb. Bu heç kimə sirr deyil ki, Azərbaycan ərazisinin təxminən 15 faizində quraqlıq riski mövcuddur. Bu da xüsusən isti keçən rayon və şəhərlərimizə aiddir".
Ekspert hesab edir ki, iqlim dəyişmələrinin sürətlənməsi fonunda Azərbaycanda su idarəçiliyinin gücləndirilməsi, israfçılığın qarşısının alınması və alternativ su mənbələrinin inkişaf etdirilməsi prioritet məsələlərdən biri olmalıdır.