Kitabla gələn düşmən kimi qarşılandı – “Təkərli kitab dükanı”nı qovdular

Kitabla gələn düşmən kimi qarşılandı – “Təkərli kitab dükanı”nı qovdular Sosial

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu sosial şəbəkədə “Təkərli kitab dükanı” layihəsi ilə bağlı paylaşım edib.

News24.az xəbər verir ki, naşir özünün feysbuk səhifəsində beş il əvvəl “Təkərli kitab dükanı”nı insanların kitabla ünsiyyətini artırmaq məqsədilə yaratdıqlarını, lakin bu müddət ərzində çox vaxt mənfi münasibətlə qarşılaşdıqlarını yazıb:

“Biz bir “Təkərli kitab dükanı” yaratdıq ki, ölkəni gəzsin, kitabı unudulmağa qoymasın. Çox yerdə özümüzə qarşı təpki gördük. Harada dayanırsa, o yerin bir sahibi çıxır ki, burada dayanmaq olmaz. Dövlət idarəsinin qarşısıdır – dayanmaq olmaz. Marketin qarşısıdır – dayanmaq olmaz.

Beş il oldu, təkərli kitabı məhəllələrə və regionlara çıxardıq. Bir yerdə də səlahiyyət sahiblərindən “xoş gəldiniz” eşitmədik. Hər yerdə zabitə süngüsü, hər yerdə sorğu-sual. Digər tərəfdən də insanların biganə münasibəti, kitaba ikrah doğuran nəzərləri. Amma uşaqların sevincini gördük. Məhz budur, əlimizi soyutmayan".

Şahbaz Xuduoğlu qeyd edib ki, son hadisə Sumqayıtda baş verib. Belə ki “Təkərli kitab dükanı” bir məhlədən qovularaq digərinə keçməyə məcbur olub:

“"Bağça şəhər” evlərinin komendantı sakinlər adından 102-yə şikayət edib ki, “Təkərli kitab dükanı”nı məhləmizdə görmək istəmirik. Mən belə bir cəmiyyət heç yerdə görməmişəm və heç kəsə də arzulamıram".

Sonda nəşriyyat rəhbəri cəmiyyətin qarşılaşdığı ən böyük təhlükənin cahillik olduğunu vurğulayıb:

“İnsanlıq üçün ən təhlükəli bəla ilə üz-üzəyik — CAHİLLİK!”