09:00–18:00 iş rejimi: Müəllimlərin maaşı necə dəyişəcək?
Sosial
2027–2030-cu illərdə Azərbaycanda müəllimlərin məşğulluq modeli dəyişəcək. Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, saat hesabı və yarımştat dərs yükü əvəzinə istəyən müəllimlər üçün daimi, tam-ştatlı iş yerləri yaradılacaq. Bu sistemə keçən müəllimlər rəqabətli və daha yüksək əməkhaqqı alacaqlar. Onların həftəlik dərs yükü 18–24 saat olacaq, qalan iş vaxtı isə valideynlərlə görüşlərə, şagirdlərlə işə və digər təhsil fəaliyyətlərinə sərf ediləcək. Yeni ştatlara yalnız sertifikasiyada yüksək bal toplamış müəllimlər qəbul olunacaq.
Bəs bu halda 09:00–18:00 iş qrafiki ilə çalışan müəllimlərin əməkhaqqısı nə qədər olacaq və ümumilikdə qərar təhsil sisteminə nə verəcək?
Məsələ ilə bağlı News24.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə bildirib ki, yeni qaydalara əsasən müəllimlərin əməkhaqqısı dərs saatına görə deyil, iş saatına görə hesablanacaq:
“Bu qaydaları təqdir edənlər də, tənqid edənlər də var. Ümumilikdə bütün yeniliklərin müsbət və mənfi tərəfləri olur. Yeniliyin praktik tətbiqindən asılı olaraq bu tərəflər azala və ya arta bilər. Hesab edirəm ki, yeni qaydalar bir neçə istiqamətdə məqsədəuyğundur. Müəllimlərin bütün günü məktəbdə olması ilk növbədə onların peşəkar inkişafına xidmət edir. Belə ki, müəllimlər bir-birinin dərslərində iştirak edə bilər və bu prosesdə yeni yanaşmalar öyrənə bilərlər. Uzunmüddətli pedaqoji təcrübəmə əsasən deyə bilərəm ki, hər bir müəllimin dərsindən nəsə öyrənmək mümkündür. Bunun üçün dərslərdə nöqsan axtarmaq yox, öyrənmək məqsədi ilə iştirak etmək lazımdır. Adətən məktəblərdə təcrübəli müəllimin daha keyfiyyətli dərs keçməsi qəbul olunur. Biz bu fikri təqdir edirik, lakin bunu vahid hökm kimi qiymətləndirmək düzgün deyil. Hər bir müəllimin dərsində maraqlı yeniliklər var və onlara diqqət etmək kifayətdir”.
H. Əlizadənin sözlərinə görə, pedaqoji yeniliklərin sürətlə artdığı bir dövrdə müəllimlərin bu yenilikləri təkbaşına mənimsəməsi çətindir. Buna görə də eyni fənn müəllimlərinin birlikdə həm elmi, həm də pedaqoji yenilikləri müzakirə etməsi mühüm rol oynaya bilər:
“Hətta müxtəlif fənn müəllimlərinin bir araya gəlib problemləri müzakirə etməsi onların dünyagörüşünün və fənlərarası əlaqə qurmaq bacarığının inkişafına səbəb ola bilər. Müəllimlərin gün ərzində məktəbdə olması dərsdən sonra şagirdlərlə əlavə fəaliyyətlər təşkil etməyə imkan verir. Belə tədbirlər şagirdlərin təlim marağını və dünyagörüşünü artırmaqla yanaşı, onların tərbiyəvi inkişafına da töhfə verə bilər. Müasir təlim konsepsiyalarına görə, məktəbdə öyrədici, tərbiyəedici və inkişaf etdirici mühit yaradılmalıdır ki, şagird bu mühitdə formalaşsın və sosiallaşsın. Müəllimlərin məktəbdə tam iş günü ərzində olması belə mühitin yaranmasına imkan yarada bilər”.
H. Əlizadə qeyd edib ki, müəllimlərin bütün günü məktəbdə olmasının iş saatı kimi hesablanması onların maaşının artmasına şərait yaradacaq:
“Yeni qaydaların müsbət cəhətləri ilə yanaşı, tətbiqində müəyyən çətinliklər də ola bilər. Məlumatlara görə, hazırda məktəblərin böyük əksəriyyəti iki növbəlidir. Bu isə o deməkdir ki, sinif otaqlarının hamısı gün ərzində məşğul olur. Belə olan halda müəllimlərin dərsdən sonra harada oturub işləyəcəyi sual yaradır. Əksər məktəblərdə yalnız bir ‘müəllimlər otağı’ var və bütün müəllimlərin orada səmərəli şəkildə fəaliyyət göstərməsi mümkün deyil. Həmin otaqlarda 10–15 müəllimin eyni vaxtda pedaqoji müzakirə aparması çətindir. Düşünürəm ki, bu məsələ ilə bağlı müvafiq qurumlar müəyyən həll yolları nəzərdən keçirəcəklər. Əgər məktəblərdə müəllimlər üçün əlavə iş otaqları yaradılarsa, yeni qaydaların tətbiqi daha uğurlu ola bilər”.
Professor əlavə edib ki, yeni qaydalar könüllülük prinsipi ilə tətbiq olunacaq:
“Hansı müəllim istəmirsə, dərs saatına əsasən əvvəlki qaydada əməkhaqqı ala bilər. Lakin düşünürəm ki, müəllimlərin məktəbdəki iş fəaliyyəti düzgün təşkil olunarsa, yaxın illərdə çoxu yeni qaydalara keçməyə üstünlük verəcək”.
Hikmət Əlizadə keçmiş məktəb illərini də xatırladıb:
“Orta məktəbdə oxuduğum dövrləri xatırlayıram. Həmin vaxt təhsil aldığım məktəb bir növbəli idi və müəllimlər dərsdən sonra şagirdlərlə müxtəlif işlər aparırdılar. O zaman əməkhaqqı dərs saatına görə hesablanırdı, lakin müəllimlər yenə də dərsdən sonrakı fəaliyyətlərdə böyük həvəslə iştirak edirdilər. Azərbaycan müəllimi həmişə öz şərəfli missiyasını yerinə yetirməkdən qürur duyub”.