Noyabrda belə hava görülməmişdi: Kəskin dəyişiklik olacaq

Noyabrda belə hava görülməmişdi: Kəskin dəyişiklik olacaq Sosial

Noyabr ayı olmasına baxmayaraq, ölkə ərazisində hava şəraiti gözləniləndən xeyli mülayim keçir. Son günlər demək olar ki, heç bir yağıntı qeydə alınmayıb və havalar açıq, günəşli keçməkdədir. Bu dövrdə adətən müşahidə olunan sərin və yağışlı hava əvəzinə, temperatur bir qədər yüksək olub və payızın sonuna uyğun olmayan mülayimlik müşahidə edilir.

Maraqlıdır, havaların belə isti keçməsi nə ilə bağlıdır və noyabrda belə hava şəraiti normal sayılırmı?

Məsələ ilə bağlı danışan Coğrafiya İnstitutunun iqlim şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev News24.az-a bildirib ki, havanın günəşli olması təbii meteoroloji prosesdir və qeyri-adi hal hesab edilmir:

“Bu cür hava şəraiti əvvəlki illərdə də müşahidə olunub və elmi ədəbiyyatda "istilərin qayıtması" kimi xarakterizə edilir. Belə hallar xüsusilə payız aylarında tez-tez baş verir. Hazırda ölkədə müşahidə olunan isti və yağıntısız hava iqlim dövranındakı dəyişikliklərlə birbaşa əlaqədardır. Ölkəmizdən cənubda yerləşən dayanıqlı subtropik antisiklon son günlər daha da genişlənib. Onun yüksək təzyiq qolunun Qafqaz üzərində qərarlaşması isə hava axınlarını əhəmiyyətli dərəcədə dəyişdirir. Belə şəraitdə Norveç və Skandinaviya istiqamətindən cənuba doğru hərəkət edən yüksək təzyiq çökəkliyi genişlənə bilmir və nəticədə həmin bölgələrdən soyuq, rütubətli hava kütlələrinin ölkə ərazisinə daxil olması mümkünsüzləşir”.

Mütəxəssis bildirir ki, antisiklonun ölkə üzərində uzunmüddətli hökmranlığı havanın açıq, günəşli və yağmursuz keçməsinə səbəb olur. Temperaturun mövsüm normasından bir qədər yüksək görünməsi məhz bu amillə izah olunur.

Həsən Nəbiyev əlavə edib ki, antisiklon zəiflədikcə atmosfer sirkulyasiyasında dəyişiklik baş verəcək və bu, havanın kəskin dəyişməsinə şərait yaradacaq:

“Bir neçə gün ərzində hava axınlarında dəyişiklik olacağı gözlənilir. Bu dəyişiklik fonunda buludluluq artacaq, yağmurlu hava şəraiti formalaşacaq və temperatur göstəricilərində azalma müşahidə ediləcək”.

Mütəxəssis sonda qeyd edib ki, yaxın günlərdə havanın temperaturunun aşağı enməsi gözlənilir.