Yeni mərkəz texnoloji inqilab etməyə iddialıdır
Sosial
"Yeni Robotik Reabilitasiya Mərkəzin strateji hədəfləri Azərbaycanı regionun robotik reabilitasiya mərkəzi kimi möhkəmləndirmək, beynəlxalq tərəfdaşlarla birlikdə yeni klinik protokollar və təlim proqramları hazırlamaq, qlobal partnyorlarla birgə innovativ texnologiyaların tətbiqini genişləndirmək, fizioterapiya və reabilitasiya üzrə kadr hazırlığına töhfə vermək, post-stroke, travmatik beyin zədəsi (TBI), ortopedik və pediatrik reabilitasiyada yeni yanaşmalar yaratmaq, həmçinin Mərkəzdə aparılan klinik fəaliyyətləri elmi tədqiqat və akademik işlərlə dəstəkləməkdən ibarətdir".
News24.az xəbər verir ki, bu sözləri Yeni Klinikada ötən gün açılış mərasimi baş tutan Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin fəaliyyətinə dair keçirilən brifinqdə Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov bildirib.
Onun sözlərinə görə, mərkəzin üstünlüklərinə dünya səviyyəli robotik lokomasiya və yuxarı ətraf reabilitasiya sistemləri, 3D hərəkət analizi, balans və koordinasiya ölçmə texnologiyaları, süni intellekt əsaslı qiymətləndirmə və fərdiləşdirilmiş reabilitasiya alqoritmləri, fizioterapevtlər, reabilitoloqlar, neyroloqlar, ortopedlər, psixoloqlar və ergoterapevtlərdən ibarət multidissiplinar komanda, eləcə də beynəlxalq təlim, sertifikasiya və elmi əməkdaşlıq imkanları daxildir:
"Bütün bu xüsusiyyətləri ilə Mərkəzimiz Azərbaycanın reabilitasiya sahəsində texnoloji inqilab yaradan, həm ambulator, həm də stasionar müalicə xidmətləri təqdim edən qabaqcıl bir qurum kimi fəaliyyət göstərir”.