Sakit əcəl: Dəm qazından zəhərlənməmək üçün nə edək?
Sosial
Qış aylarının gəlişi ilə birlikdə insanlar evlərini qızdırmaq üçün müxtəlif üsullara müraciət edirlər. Lakin bu zaman dəm qazı ilə bağlı təhlükələr də artır. Hər il qış fəslində dəm qazından zəhərlənmə halları daha çox müşahidə olunur.
Bəs dəm qazının istifadəsində hansı təhlükəsizlik qaydalarına əməl etməliyik?
Mövzu ilə bağlı News24.az-a açıqlama verən təhlükəsizlik üzrə ekspert Orxan Musayev bildirib ki, çox vaxt diqqətdən yayınan, amma həyati təhlükə yaradan məsələ tüstü bacalarının vəziyyətidir:
"Düzgün işləməyən tüstü bacası insan həyatı üçün böyük təhlükə yaradır. Dəm qazı zəhərlənməsi və yanğın kimi faciələr məhz buradan başlayır. Təəssüf ki, hər il ölkəmizdə bir çox dəm qazı zəhərlənməsi hadisəsi baş verir və bəzən ölümlə nəticələnir. Statistikaya görə, hər il onlarla insan dəm qazı zəhərlənməsi səbəbindən dünyasını dəyişir. Bu hadisələrin böyük əksəriyyəti vaxtında təmizlənməmiş bacalar və texniki nasazlıqlarla bağlıdır".
Ekspertin sözlərinə görə, problemin əsas mənbəyi köhnəlmiş tüstü bacalarıdır:
"Fərdi evlərdə və yaşayış binalarında illərlə təmizlənməyən köhnəlmiş tüstü bacaları yararsız vəziyyətə düşür. Dəm qazının evə dolmasının digər səbəbi isə insanların qeyri-peşəkar müdaxiləsidir. Çox vaxt ev sahibləri tüstü bacalarını özləri təmizləməyə çalışır, lakin bu təhlükəni aradan qaldırmır, əksinə artırır. Bu işlər mütləq ixtisaslaşmış şəxslər tərəfindən aparılmalıdır".
Orxan Musayev həmçinin tüstü bacalarının kim tərəfindən təmizlənməsinə də aydınlıq gətirib:
"Fərdi evlərdə tüstü bacalarının işlək vəziyyətdə saxlanılması ev sahibinin məsuliyyətidir. Çoxmənzilli binalarda isə bu vəzifə kommunal idarələr və MTK-ların üzərinə düşür. Lakin real vəziyyətdə insanlar tez-tez kimə müraciət edəcəklərini bilmir. Tüstü bacalarını vaxtında ixtisaslaşmış şəxslərə təmizlətmək dəm qazından zəhərlənmənin qarşısını almağın əsas yollarından biridir".