Tələbə və könüllülər də sığortalanacaqlar - Qanun dəyişir
Sosial
2026-cı ilin dövlət büdcəsi zərfinə daxil edilən təklifə əsasən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri zamanı əmək qabiliyyətini itirən şəxslərin icbari sığortası ilə bağlı qanuna dəyişikliklər nəzərdə tutulur.
Yeni dəyişikliklərə əsasən, dövlət orqanlarında, bələdiyyələrdə, dövlət müəssisələrində, publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında çalışan şəxslərlə yanaşı, istehsalat təcrübəsi keçən tələbə və şagirdlər, həmçinin könüllülər də icbari sığorta ilə əhatə olunacaqlar.
Mövzu ilə bağlı News24.az-a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri zamanı icbari sığorta iki əsas istiqaməti əhatə edir: hadisə nəticəsində əmək qabiliyyətinin itirilməsi və ya peşə xəstəliyinin yaranması, həmçinin hadisə nəticəsində ölüm hallarını.
Ekspertin sözlərinə görə, bu sığorta növü sosial sığortanın bir forması olmaqla, xüsusilə risk səviyyəsi yüksək olan fəaliyyət sahələrinə şamil edilir:
“Azərbaycan təcrübəsi göstərir ki, könüllü sığorta təşəbbüsləri kifayət qədər azdır. Bu səbəbdən, xüsusilə əmək qabiliyyətinin itirilməsi və ya peşə xəstəlikləri kimi halların məcburi qaydada sığortalanması daha effektiv hesab olunur. Bu, həm bazarın tələblərindən, həm də sosial davranışların formalaşdırdığı reallıqlardan irəli gəlir”.
Rəşad Həsənov qeyd edib ki, təklif edilən dəyişikliklər sığortanın əhatə dairəsini genişləndirəcək:
“Artıq dövlət və bələdiyyə müəssisələrində çalışanlar, dövlətin payı olan şirkətlərdə çalışan işçilər, istehsalat təcrübəsi keçən şagird və tələbələr, könüllülər bu sığorta növü ilə icbari qaydada əhatə olunacaqlar. Müəssisələr üçün isə müvafiq icbari sığorta öhdəliyinin yerinə yetirilməsi zərurəti formalaşacaq”.
Ekspertin fikrincə, bu dəyişikliklər nəticəsində baş verən bədbəxt hadisələr və ya əmək qabiliyyətinin itirilməsi hallarında daha geniş sosial qruplar sığorta təminatından faydalana biləcək, ölüm hallarında isə ailə üzvləri müvafiq kompensasiya alacaqlar:
"Bu addım sosial müdafiə sisteminin güclənməsinə, vətəndaşların rifah halının yüksəldilməsinə və sığorta bazarının institusional inkişafına müsbət təsir göstərəcək".