Yeni Mərkəzdə ildə bu qədər sümük iliyi transplantasiyası olacaq
Sosial
"Beynəlxalq protokollara uyğun olaraq təxminən il ərzində 150 sümük iliyi transplantasiyası prosedurunun icrası planlaşdırılır".
News24.az xəbər verir ki, bu sözləri bu sözləri Yeni Robotik Reabilitasiya və Hemotologiya-Sümük İliyi Transplantasiya mərkəzlərinin açılışına dair keçirilən brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, növbəti illərdə bu göstəricinin mərhələli şəkildə artırılması hədəflənir:
"Lakin nəzərə alınmalıdır ki, xarici mütəxəssislərin ölkəyə və klinikaya logistika baxımından çatma müddəti, eləcə də mövcud infrastruktur imkanları prosesin intensivliyinə birbaşa təsir göstərir. Hazırda mərkəzdə 22 çarpayılı stasionar baza mövcuddur və transplantasiya proqramının icrasına ilin sonundan etibarən başlanması nəzərdə tutulur.
Transplantasiya sayının artırılması üçün həm kadr, həm də infrastruktur baxımından əlavə resursların səfərbər olunması tələb olunur. Çünki həm pediatrik, həm də böyüklər yaş qrupunda sümük iliyi transplantasiyasına ehtiyac hazırda kifayət qədər yüksəkdir.
Sümük iliyi xəstəliklərinin dəqiq diaqnostikası üçün Yeni Klinikanın laborator və instrumental imkanları genişləndirilir və yaxın müddətdə bu istiqamətdə tam funksional şərait formalaşdırılacaq".