Polis formasında fotolar paylaşan gənc qadınları BELƏ ALDADIB – TƏFƏRRÜAT
    • 10-03-2023, 12:19
    • 496

Polis formasında fotolar paylaşan gənc qadınları BELƏ ALDADIB – TƏFƏRRÜAT

Bakı Ağır Cinayətlər Məhkəməsində maraqlı proseslərdən biri bir neçə gün əvvəl başa çatıb.

News24.az-ın əldə etdiyi məlumata görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Naxçıvan MR Babək rayon nehrəm kəndində anadan olmuş 2002-ci il təvəllüdlü Vüsal Həmzəyev (soyad şərtidir) Cinayət Məcəlləsinin 178 (dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.312 (rüşvət vermədə iştirak etmə) maddələri ilə ittiham edilib.

İstintaq zamanı məlum olub ki, orta təhsilli şəxs olan Vüsal polis forması əldə edib və xüsusi geyimdə fotolar çəkdirərək instagramda paylaşıb. O, özünü sosial şəbəkələrdə rütbəli və vəzifəli polis işçisi kimi təqdim etməyə başlayıb və çoxsaylı xanımlarla tanış olub. O, Babək rayonunda yaşadğı evdə polis geyim formasını geyinərək “Whatsap” tətbiqetmə proqramı vasitəsi ilə videogörüntülü zəng edib həmin qadnlarla danışıb və özünü nümayiş etdirməklə Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etməklə onları inandırıb.

Bundan sonra Vüsal Dillər Universitetinin məzunu olan və müəllim kişi işləyən gənc xanımı polisdə işə qəbul etdirəcəyini yalandan vəd edərək ondan 3300 manat alıb.  O, daha sonra eyni qaydada daha 4 qadını aldadaraq onlardan 3-nü polis orqanlarında işə düzəltmək, birinin isə övladını Polis Akademiyasına müdavim kimi qəbul etdirəcəyini bildirərək ümumilikdə 20 min manata yaxın pul alıb. Vüsal bütün pulları kartla köçürmə vasitəsilə öz hesabına köçürtdürüb. Lakin qadınlar bir müddət sonra aldadıldıqlarını anlayaraq hüquq-mühafizə orqanlarına müraciət ediblər. Məlum olub ki, onları aldadan şəxs Naxçıvanın Babək rayonunda yaşayır və mülki bir şəxsdir. Tutularaq Bakıya gətirilən şəxs məhkəmədə törətdiyi əməli etiraf edib və qızları aldadaraq pul əldə etdiyini deyib:

“Mən Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndində dünyaya gəlmişəm, lakin Babək rayonu Badaşqan kəndində qeydiyyatda olmaqla yaşamışam. İşim olmadığı üçün və maddi çətinlik çəkdiyim üçün özümü polis əməkdaşı kimi təqdim etməklə dələduzluq yolu ilə pul qazanmaq qərarına gəldim. Bu məqsədlə “İnstagram” sosial şəbəkəsində tanış olduğu qadınlara özünü polis əməkdaşı kimi təqdim etdim, insanlara onları xidmətə qəbul etdirməyə qadir olduğumu bildirmişdim. Hətta polis geyimini əldə edərək bu geyimdə çəkdirdiyim şəkilimi “İnstagram”-dakı səhifəmə yerləşdirdim. Sosial şəbəkələrdə tanış olduğum 5 xanım mənimlə yazışaraq polisə xidmətə qəbul olmaq istədiklərini bildirmişdilər. Mən d tamah məqsədi ilə plastik bank kartımın nömrəsini həmin qadınlara göndərərək çevik polis alayına işə düzəltmək adı ilə 2021-ci ilin noyabr ayından 2022-ci ilin yayınadək pulları öz kartıma köçürtdürtməklə mənimsəmişəm. Zərərçəkmiş şəxslərə pul məbləğlərini vəzifəli şəxsə onları işə düzəltmək üçün rüşvət kimi verməyi bildirmişdim”.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses fevralın 21-də başa çatıb. Məhkəmənin hökmü ilə  Vüsal Həmzəyev 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Taleh Bağırov